37 təşkilatın AB-dən Azərbaycan istəyi

İ.Əliyev

«Biz sizdən bütün imkanlardan istifadə edərək prezident İlham Əliyevi insan haqlarına basqıları dayandırmağa çağırmağı rica edirik».

«Sərhədsiz Reportyorlar» və daha 36 beynəlxalq hüquq-müdafiə təşkilatının Avropa Birliyi (AB) rəhbərliyinə ünvanladığı açıq məktubda belə yazılır.

Məktub müəllifləri AB liderlərini noyabrın 24-də Brüsseldə keçiriləcək sammitə qatılacaq Azərbaycan prezidenti İlham Əliyevə ölkəsində insan haqlarına basqıları dayandırmaqdan ötrü təzyiq göstərməyə səsləyiblər.

Məktubda siyasi məhbus sayılan şəxslərin, ələlxüsus müstəqil jurnalistlərin azadlığa buraxılmasına, media azadlıqlarına hörmət edilməsinə və Xədicə İsmayıl kimi araşdırmaçı-jurnalistlərə tətbiq olunan səyahət qadağalarının ləğv olunmasına dair çağırışlar yer alıb.

«Biz sizdən sammit vaxtı bütün imkanlardan istifadə edərək prezident Əliyevi insan haqlarına basqıları dayandırmağa və Azərbaycanda davamlı insan haqları islahatlarına aid öhdəlik götürməyə çağırmağı rica edirik»,- məktubda deyilir.

Məktub müəllifləri vurğulayır ki, Azərbaycan hökumətinin son illərdə atdığı addımlar Avropa ilə əməkdaşlıq ruhuna tamamilə zidd olub.

XATIRLATMA

Azərbaycan rəsmiləri isə ölkədə siyasi məhbusların olması fikrini qəbul etmirlər. Onlar deyirlər ki, siyasi məhbus sayılan şəxslər konkret əməllərinə görə məsuliyyətə cəlb ediliblər.

Siyasilər jurnalist həbslərinin də peşə fəaliyyətinə bağlı olmadığını deyirlər.

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir. «Şərq Tərəfdaşlığı» AB-nin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

Azərbaycan rəsmiləri son illər bəyan edirdilər ki, onlar artıq Avropa Birliyi və bu quruma üzv ölkələrlə ayrı-ayrılıqda əməkdaşlığa üstünlük verirlər.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Noyabrın sonunda prezident İ.Əliyev Avropa Birliyinin baş qərargahının yerləşdiyi Brüsselə səfər edəcək. Səfər zamanı əməkdaşlıq sazişi ilə bağlı önəmli yeniliklərin ola biləcəyi güman edilir. Ancaq Azərbaycanın bəzi rəsmiləri də deyib ki, sazişin bu il imzalanacağı gözlənilmir.