Hüquq müdafiəçilərindən Azərbaycana sanksiya istəyi

Leyla Yunus (arxiv fotosu)

"Şərq Tərəfdaşlığı"nın beşinci sammiti ərəfəsində bu gün, noyabrın 22-si Brüssel mətbuat mərkəzində Azərbaycanda insan hüquqlarının pozulması problemlərinə həsr olunan brifinq keçirilib.

Auditoriya qarşısında Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun icraçı direktoru Emin Hüseynov və Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus çıxış ediblər.

Onlar son vaxtlar ölkədə insan hüquqlarının vəziyyətinin kəskin şəkildə pisləşdiyini, vətəndaş cəmiyyəti fəallarının, jurnalistlərin, bloqqerlərin, dindarların təqib edildiyini bildiriblər.

Buna da bax:​ Prezident müxalifətə: 'Onların kitabı çoxdan bağlanıb'

Hüquq müdafiəçilərinin sözlərinə görə, həbsxana divarları arasında da təzyiqə son qoyulmur, həbs olunanların bir çoxu işgəncələrə və qeyri-insani rəftara məruz qalır.

Onların deməsinə görə, hakimiyyət etirazçı səsləri tamamilə boğmağa çalışır, tənqidçi saytları bloklayır, bloqqerləri uydurma ittihamlarla təqib edir.

Vurğulanıb ki, Avropa Şurası, Avropa Birliyi institutları Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyətə biganə qalmamalıdırlar.

Hüquq müdafiəçiləri həmçinin, Avropa Birliyi ölkələrini Azərbaycanda insan hüquqlarını pozanlara qarşı sanksiyalar tətbiq etməyə çağırıblar.

Buna da bax:​ HRW: 'Çoxmilyardlıq meqalayihələr Azərbaycanda korrupsiya və insan haqlarının pozulmasına yol açır'

Azərbaycan rəsmiləri işgəncə, tənqidi səslərin boğulması və ölkədə siyasi məhbusların olması ilə bağlı deyilənləri qəbul etmirlər. Onların fikrincə, siyasi məhbus sayılan şəxslər, konkret əməllərinə görə, məsuliyyətə alınıblar. Bəzi müstəqil saytlara girişin bloklanması isə dövlətin təhlükəsizlik tədbiri kimi izah edilir.

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan «Şərq Tərəfdaşlığı» Proqramı çərçivəsində əməkdaşlıq edir.

«Şərq Tərəfdaşlığı» Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla çərçivə sazişi imzalayıb.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb. Noyabrın 24-ü "Şərq Tərəfdaşlığı"nın beşinci sammiti keçiriləcək. Həmin toplantıda Azərbaycanın yüksək səviyyədə təmsil olunacağı bildirilib.