Dekabrın 7-də Dövlət Akademik Milli Dram Teatrında Molla Pənah Vaqifin anadan olmasının 300 illiyi münasibətilə təntənəli mərasim keçirilib.
Mədəniyyət və Turizm, Təhsil nazirlikləri, eləcə də Azərbaycan Milli Elmlər Akademiyası və Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə gerçəkləşən tədbirdə respublikanın tanınmış elm, mədəniyyət və incəsənət xadimləri, habelə dövlət rəsmiləri iştirak ediblər.
İştirakçılar M.P.Vaqifin əsərlərindən, eləcə də şairin həyat və yaradıcılığına həsr olunmuş kitablardan ibarət sərgi ilə tanış olublar.
Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yubiley mərasimində çıxış edərək, M.P.Vaqifin ədəbiyyata verdiyi töhfələrdən söz açıb.
TÜRKSOY-un baş katibi Düsen Kaseinov qurumun düzənlədiyi tədbirlərdən danışıb:
«Bu gün mənim üçün çox sevindiricidir ki, türk dünyasının böyük şairi Molla Pənah Vaqifin 300 illik yubileyində iştirak edirəm. Türkdilli xalqlar arasında qardaşlıq əlaqələrini gücləndirmək, türk dünyasının mədəniyyətini tanıtmaq məqsədilə yaradılan TÜRKSOY hər il tanınmış şəxsiyyətlərin yubileylərini qeyd edir. TÜRKSOY «Molla Pənah Vaqif İli» çərçivəsində çoxsaylı tədbirlər keçirib, elmi-konfranslar təşkil edib. Dekabrın 22-də isə Şimali Kiprdə Vaqifə həsr edilmiş tədbirin təşkili nəzərdə tutulur», - deyə D.Kaseinov söyləyib.
Kabardin-Balkar Respublikasının Yazıçılar İttifaqının sədri Mütəllib Behbayev Vaqif şeirlərinin fəlsəfi quruluşu, yazı dilindəki rəvanlıq, onun siyasi və dövlət işlərindəki tarixi fəaliyyətini yüksək qiymətləndirib.
Tədbir tanınmış ifaçılar tərəfindən təqdim olunan konsert proqramı ilə davam edib.
«Böyük Azərbaycan şairi Molla Pənah Vaqifin 300 illik yubileyinin keçirilməsi haqqında» 2017-ci il 12 yanvar tarixli prezident sərəncamına əsasən, ölkədə şairin xatirəsinə həsr edilmiş elmi-praktik konfranslar, rəsm sərgiləri və digər silsilə tədbirlər gerçəkləşdirilib.
M.P.Vaqifin adı UNESCO-nun «2016–2017-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı»na da daxil edilib.