Oktay Gülalıyev 6 ildir pasport ala bilmədiyini deyir

Oktay Gülalıyev

«Siyasi Məhbuslarsız Azərbaycan» İctimai Alyansının rəhbəri Oktay Gülalıyev 6 il ərzində ümumvətəndaş pasportu ala bilmədiyini bildirərək, Daxili İşlər Nazirliyinə (DİN) müraciət edib.

O.Gülalıyev yazır ki, hələ 2012-ci ildə ona qarşı qurama cinayət işi qaldırılıb. Həmin dövrdə aran rayonlarında daşqın yerlərində monitorinq aparan «Kür» Vətəndaş Cəmiyyətinin koordinatoru olub. Bir il öncə bu cinayət işi bağlanıb. Amma ölkədən çıxışına qadağa götürülməyib.

O.Gülaliyev vurğulayır ki, xarici pasport almaqdan ötrü dövlət rüsumu ödəyib. Amma deməsinə görə, ASAN-Xidmət ona DİN-ə müraciət etməyi məsləhət bilib.

Hüquq müdafiəçisi xatırladır ki, 2016-cı ildə belə müraciətdən sonra onu 37 saylı Polis Bölməsinə aparıblar, iki saat saxlandıqdan sonra buraxılıb.

O.Gülalıyev DİN-ə müraciətində qeyd edir ki, onlara son dəfə üz tutur. Bundan sonra, məhkəməyə müraciət etmək niyyətindədir. Hüquq müdafiəçisi vurğulayır ki, bu məsələni lazım gəlsə, Avropa İnsan Hüquqları Məhkəməsinə qədər daşımaq niyyətindədir.

O.Gülalıyevin müraciətinə, hələlik, Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb.

O.Gülaliyev 2012-ci il aprelin 8-də Sabirabad rayonunun Minbaşı kəndində monitorinq apararkən saxlanıb və inzibati qaydada 12 sutka həbs cəzası alıb. Həmin ayın 19-da isə ona qarşı Cinayət Məcəlləsinin 220.2 (kütləvi iğtişaş) maddəsi ilə cinayət işi açılıb. Sabirabad Rayon Məhkəməsi O.Gülalıyev barəsində 2 aylıq həbs-qətimkan tədbiri seçib. Aprelin 20-də onu Bakıya - 3 saylı Şüvəlan İstintaq Təcridxanasına gətiriblər. İyunun 13-də isə azadlığa buraxılıb. O.Gülalıyevin bildirməsinə görə, azadlığa buraxılsa da, uzun müddət cinayət işi ləğv edilməyib.

Xatırlatma

Oxşar problemlə Azərbaycanda başqa fəallar da üzləşiblər.

AXCP sədri Əli Kərimli isə 11 ildir xarici pasport ala bilmir. 2006-cı ildə o, pasportdan ötrü müraciət edəndə haqqında 1994-cü ildə cinayət işi açıldığını səbəb göstərərək, ona xarici pasport verilməyib. O zaman hüquq-mühafizə qurumları Ə.Kərimlinin cibindən partlayıcı maddə tapıldığını bildirmişdilər. Ancaq o, həbsdə elə də uzun müddət qalmamışdı. Ə.Kərimli ittihamları «qurama» adlandırmışdı.

Üstəlik, o, 1995 və 2000-ci illərdə deputat seçilib.

2015-ci ildə isə Avropa İnsan Hüquqları Məhkəməsi AXCP sədrinin ölkədən çıxışına qadağa qoyulmasını pozuntu kimi tanıyıb. Ancaq Ə.Kərimli hələ də pasport ala bilmir.