Bu gün – yanvarın 2-də neftin qiyməti 2014-cü ildən bəri ilk dəfə ən yüksək həddə çatıb. Brent və WTI xam neft qiymətləri 2015-ci ilin ortasındakı yüksək həddi keçib. “Reuters” agentliyi yazır ki, bu, OPEC və Rusiyanın təchizatı azaltması, eləcə də tələbin yüksəlməsiylə bağlıdır.
ABŞ-da Qərbi Texas (West Texas Intermediate -WTI) xam neftinin bir barrelinin fyuçersləri (CLc1) 60,64 dollara bərabərləşib. Bu, 2015-ci ilin mayındakı səviyyədən – 60,68 dollardan 22 sent, yaxud 0,4 faiz çoxdur.
SƏBƏBLƏR
Brent neftinin barrelinin fyuçersləri isə (LCOc1) 67,20 dollar olub, bu 2015-ci ilin mayındakı 67,23 dollardan 33 sent, yaxud 0,5 faiz çoxdur.
2014-cü ilin yanvarından bəri ilk dəfədir ki, xam neftin barreli ili 60 dollardan yuxarı qiymətlə başlayır.
“Forties kəmərinin yenidən işə düşməsi və Liviyadakı kəmərin dayanmasından sonrakı hasilat bərpasına baxmayaraq, qlobal miqyasda ehtiyatların azalması və güclü iqtisadi artım bunları kompensasiya elədi”, – Sinqapurdan aparıcı bazar təhlilçisi Jeffrey Halley deyib.
Şimal Dənizindəki Forties kəmər sisteminin gündəlik gücü 450 min barreldir və qəfil qapanmadan sonra dekabrın 30-da tam işə düşüb.
Ancaq agentlik yazır ki, bazarları daha çox neft ixrac edən ölkələrin karteli olan OPEC və Rusiyanın bir il ərzində hasilatı məhdudlaşdırması dəstəkləyib. Ötən ilin yanvarında başlanmış azalmanın bu il ərzində saxlanacağı gözlənir.
*** Buna da bax: Neft qiymətləri son 5 ayda ən aşağı həddə düşüb
Digər tərəfdən, özəlliklə də, Çində güclü iqtisadi artım xam neftin qiymətinə dəstək vermiş olur.
ABŞ İSƏ HASİLATI ARTIRIR
“Neft inventarları 2017-ci ilin martından azalmaqdadır və OPEC 2018-ci ilin sonunadək hasilatın məhdudlaşdırılmasını qüvvədə saxlamağa razılaşıb. Yəni 2017-ci ilin əvvəlindən neft qiymətləri üçün durumun yaxşılaşdığını söyləmək olar”, – Avstraliyanın “Rivkin Securities” şirkətindən investisiya təhlilçisi William O‘Loughlin belə deyir.
ABŞ-da kommersiya neft inventarları ötən ilin martından tarixi yüksəlişdən 20 faizədək azalıb, 431,9 milyon barrelə düşüb.
Ancaq ABŞ-da hasilatın artması 2018-ci ildə artımı nisbətən əngəlləyə bilər. Birləşmiş Ştatlarda hasilatın günə 10 milyon bareli aşması an məsələsidir.
O‘Loughlin deyir ki, qiymət artımının ABŞ-da şist hasilatını daha da gücləndirəcəyi gözlənir.
ABŞ-da neft hasilatı (C-OUT-T-EIA) 2016-cı ilin ortasından 16 faizədək artıb, ötən ilin sonunda günə 9,75 milyon barrelə çatıb.
Ancaq “Rystad Energy” konsultasiya şirkəti bildirir ki, “ABŞ-da xam neft hasilatı artıq günə 10 milyon barrelə yüksəlib”.