500 dollardan artıq valyuta almaq istəsən...

Dollar

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) «Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması Qaydası»nı təsdiqləyib.

«Report»un xəbərinə görə, bu qayda «Valyuta tənzimi haqqında» Qanuna uyğun olaraq, valyuta mübadiləsinə lisenziya almış şəxslərin mübadilə əməliyyatlarını apara bilmələrindən ötrü əsasları müəyyən edir və münasibətləri tənzimləyir.

Qaydalara görə, valyuta mübadiləsi məntəqəsində icazə ancaq mübadilə fəaliyyətinə verilir. Məntəqənin iş rejimi MBNP ilə razılaşdırmaqla müəyyən edilir. Üstəlik, valyuta mübadiləsi əməliyyatı nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçiriləcək.

Bir müştəriyə 500 ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 ABŞ dollarından artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparıla bilər.

Qaydalara əsasən, əməliyyat günü ərzində xarici və ya milli valyuta vəsaitləri qurtardığı hallar istisna olmaqla, əməliyyatlardan birinin tək formada aparılmasına yol verilmir. Yəni, dollar satışını dayandırıb, dollar almaq olmaz.

Xatırlatma

Azərbaycanda 1994-cü ildən açılan valyuta mübadiləsi məntəqələri 2016-cı ilin martına kimi fəaliyyət göstəriblər.

2015-ci ildə baş verən devalvasiyalardan sonra «valyuta alış-verişində möhtəkirliyin qarşısını almaq» adı ilə bu məntəqələr bağlanıb. Həmin vaxt ölkədə 4 min 300-ə qədər mübadilə məntəqəsinin qapadıldığı bildirilirdi. Sonrakı dövrlərdə mübadilə məntəqələri, əsasən, bankların nəzdində fəaliyyət göstəriblər.