Həbsdə olan dindar fəal Əhsən Nuruzadə məhkəmə qarşısına çıxarılıb. Onun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası baxır.
Yanvarın 18-də məhkəmənin hazırlıq iclasında Ə.Nuruzadənin vəkili Fariz Namazlı onun barəsindəki cinayət işinə xitam verilməsi, bu, təmin olunmasa, hökm çıxarılana qədər ev dustaqlığına buraxılması, qanunsuz yolla əldə olunan sübutların yolverilməz hesab edilib siyahıdan çıxarılması haqda vəsatətlər qaldırıb. Vəkil deyib ki, hüquqlarını müdafiə etdiyi şəxs günahsızdır, onu narkotiklə şərləyiblər. Müdafiəçinin sözlərinə görə, bundan öncə də DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları iki dəfə Əhsəni tutublar. Hər ikisində onun haqqında 10-günlük inzibati həbs qərarı çıxarılsa da, dindar fəal Binəqədidə inzibati qaydada həbs olunanlar üçün nəzərdə tutulan təcridxanada yox, BMCMİ-də saxlanılıb:
«Ona xəbərdarlıq ediblər ki, əgər ictimai-siyasi fəaliyyətindən geri çəkilməsə, uzunmüddətli həbsə göndəriləcək. Əhsən geri çəkilmədi, onlar da dediklərini elədilər. Əhsən Nuruzadədən şübhəli və təqsirləndirilən şəxs qismində alınmış ilkin ifadələr sübutlar siyahısından çıxarılmalıdır. Çünki işgəncə altında imzalanmış ifadələrdir. Qanun isə bunu qadağan edir».
Müdafiəçi bildirib ki, Ə.Nuruzadənin himayəsində iki azyaşlı qız övladı, yerimək qabiliyyəti məhdud olan anası var. O, ailənin yeganə qazanc gətirəni idi.
F.Namazlı deyir ki, Ə.Nuruzadənin cibindən narkotik çıxdığını iddia edən hal şahidləri BMCMİ-nin başqa işlərdə hal şahidi kimi istifadə etdiyi adamlardır.
Vəsatətlərin heç biri təmin olunmayıb. İş üzrə məhkəmə baxışı yanvarın 23-nə təyin olunub.
Xatırlatma
Ə.Nuruzadə ötən il oktyabrın 6-da DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Ona CM-nin 234.4.3 (satış məqsədi ilə külli miqdarda narkotik əldə etmə, saxlama) maddəsi ilə ittiham verilib. Onun üzərindən 14.775 qram heroin tapıldığı iddia olunur.
Amma dindar fəal ittihamı rədd edir, narkotikin cibinə idarədə elə polis tərəfindən atıldığını bildirir.
Ə.Nuruzadə bundan öncə də iki dəfə - 19 yanvar və 24 sentyabrda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Günlərlə onun yaxınlarına yeri haqda məlumat verilməyib, hər dəfə 10 sutka inzibati həbs cəzası alıb. Hər iki məhkəmə qərarında da inzibati həbsin səbəbi eyni göstərilib – BMCMİ-nin qarşısından keçəndə telefonla danışarkən söyüş söymək, onu intizama dəvət edən polislərə tabe olmamaq.