İ.Əliyev OPEC-in baş katibi ilə görüşüb

Məhəmməd Barkindo

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 23-də Davosda Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

AZƏRTAC-ın xəbərinə görə, M.Barkindo görüşdə deyib ki, OPEC və qeyri-OPEC ölkələrinin bir araya gətirilməsində Azərbaycanın rolunu yüksək qiymətləndirirlər.

Prezident İ.Əliyev də öz növbəsində vurğulayıb ki, Azərbaycan bundan sonra da OPEC ilə uğurlu əməkdaşlıq həyata keçirəcək. O, M.Barkindonu Azərbaycana səfərə dəvət edib.

OPEC-ə üzv olan və kartelə daxil olmayan ölkələr 2016-cı il dekabrın 10-da Vyanada neft hasilatının azaldılması ilə bağlı razılaşma əldə edib. Söhbət ümumi hasilatın sutkada 558 min barrel azaldılmasından gedir. 2018-ci ilin sonuna kimi uzadılan razılaşmaya Azərbaycan da qoşulub.

İ.Əliyev Davosda görüşlərinə davam edib

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 22-də Davosda işgüzar görüşlərini davam etdirib.

AZƏRTAC-ın xəbərinə görə, dövlət başçısı «CISCO», «MasterCard», «BlackRock», «Royal Philiips» şirkətlərinin rəhbərləri ilə görüşüb.

Şirkət rəhbərləri fəaliyyət göstərdikləri müasir texnologiyalar, elektron ticarət, elektron ödəniş, investisiya, işıqlandırma sistemi və tibb avadanlıqları sahələri üzrə Azərbaycanla əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər.

Dövlət başçısı İ.Əliyev bu görüşlərdən öncə isə Dünya İqtisadi Forumunun prezidenti Börge Brend ilə bir araya gəlmişdi.

Yanvarın 22-də o, habelə Davosda ABŞ-ın «BlackRock» şirkətinin təsisçisi, müşahidə şurasının sədri, icraçı direktoru Lourens Fink və Rusiyanın «Lukoil» şirkətinin prezidenti Vahid Ələkbərov ilə də görüşmüşdü.

Prezidenti İ.Əliyev elə dünən, yanvarın 22-də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etməkdən ötrü İsveçrə Konfederasiyasına işgüzar səfər edib.

Xatırlatma

Bu gün, yanvarın 23-də İsveçrənin Davos şəhərində sayca 48-ci Dünya İqtisadi Forumu başlayır.

Forum bu il ən önəmli ümumi maraqlar üzrə beynəlxalq əməkdaşlığın təsdiqlənməsi yollarının axtarışına həsr olunub.

Proqrama əsasən, Azərbaycan prezidenti İ.Əliyev yanvarın 23-də «Strateji baxış – Avrasiya» (Strategic Outlook – Eurasia) paneli çərçivəsində çıxış etməlidir

Forumun yanvarın 26-da yekunlaşacağı gözlənilir.