İlham Əliyev: 'Azərbaycanda media tamamilə azaddır'

İlham Əliyev Davos forumunda, 23 yanvar, 2018

“Azərbaycana qarşı media azadlığı ilə bağlı tənqidlərin əsası yoxdur”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Davos Dünya İqtisadi Forumu çərçivəsində “Strateji perspektivlər: Avrasiya” adlı panel müzakirələrində deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycanda bütün əsas azadlıqlar təmin olunur:

“Buraya media azadlığı da aiddir. Azərbaycanda media tamamilə azaddır. Azərbaycan əhalisinin təxminən 80 faizi internet istifadəçisidir. Əgər internet heç bir senzura olmadan azaddırsa və əhalinin böyük hissəsi internet istifadəçisidirsə, medianın fəaliyyətinə məhdudiyyətdən danışmaq olmaz”.

Media azadlığı ilə bağlı reytinqlərdə Azərbaycana niyə aşağı dərəcə verildiyinə dair sualı cavablandıran prezident deyib ki, bu, siyasi səbəblərlə bağlıdır:

Buna da bax: İ.Əliyev OPEC-in baş katibi ilə görüşüb

“Reallığı dəyişmək olmaz. Bir daha deyirəm ki, Azərbaycanda fundamental azadlıqlar təmin olunur. Bizim hökumətimiz hər bir kəndə genişzolaqlı internetin çatdırılması üçün bir çox vacib layihələr həyata keçirir. Bu qiymətləndirmə çox ədalətsiz yanaşma əsasında təşkil olunub. Bəzən isə bu, düşməncəsinə yanaşmadır. Bu reytinqlər Qərbdə bəzi siyasi mərkəzlər tərəfindən təşkil olunub. Bunlar niyə edilir? Səbəb sadədir. Azərbaycan milli maraqlarına uyğun müstəqil siyasət həyata keçirir. Biz ölkəmizə problem törədəcək, riskli olan macəralara qatılmırıq. Azərbaycanda daxili risklər yoxdur, siyasi və iqtisadi stabillik var. Bizim üzləşə biləcəyimiz istənilən risk xaricdən gələ bilər”.

Prezident deyib ki, Azərbaycanı bəzi ölkələrə qarşı kampaniyalara cəlb etməklə bağlı bir sıra cəhdlər olub:

“Lakin biz heç kəsə qarşı oynamırıq, riskli və milli maraqlarımıza zidd olan kampaniyalara qatılmırıq. Bu kimi reytinqlər bizim nüfuzumuzu hörmətdən salmağa hədəflənib. Azərbaycanı qeyri-demokrat ölkə kimi göstərmək istəyiblər. Lakin bu belə deyil. Siyasi inkişaf iqtisadi inkişafla bağlıdır. Dünya iqtisadi forumunun açıqlamasına görə Azərbaycan iqtisadi rəqabətliliyə görə 35-ci yerdə qərarlaşıb”.

Buna da bax: Prezident İ. Əliyev Davosda görüşlər keçirir

İlham Əliyev: “Bizim dayanmaq planımız yoxdur”

Prezidentin vurğulamasına görə, neftin qiyməti düşəndə Azərbaycanda elan edib ki, artıq postneft dövrü başladı, neft və qazı unudulmalıdır.

O, bildirib ki, iqtisadiyyatın diversifikasiyası Azərbaycanın əsas məqsədidir. Prezident, bu istiqamətdə yaxşı uğurlar əldə edildiyini düşündüyünü ifadə edib:

“Mövcud neft-qaz layihələrini davam etməliyik, lakin əsas gəlir kimi texnologiya, innovasiya, sənaye, sahibkarlıq, kənd təsərrüfatına diqqət yetirməliyik. Biz bu istiqamətdə ciddi islahatlar həyata keçirdik və yaxşı nəticələr əldə olundu. Ötən il ölkədə qeyri-neft iqtisadiyyatı 3, qeyri-neft sənayesi 4 faiz artdı. İqtisadiyyatımızın diversifikasiyası prosesi gedir və bizim dayanmaq planımız yoxdur. Hazırda neft qiyməti artır, lakin bu, sadəcə, bizim ehtiyatlarımızı artıracaq”, – prezident vurğulayıb.

O, qeyd edib ki, Azərbaycan öz xərclərini optimallaşdırır:

“Keçən il neftin qiymətinin düşməsinə baxmayaraq, biz əlavə 4.5 milyard dollar qazandıq və ehtiyatlarımızı artırdıq. Neft və qaz iqtisadiyyatımızın əsas hissəsi olmaqda davam edəcək. Qeyri-neft sektoru isə bizim ümumi daxili məhsulun (ÜDM) 70 faizini təşkil edir”.

İ.Əliyev vurğulayıb ki, Azərbaycanda daxili təhdidlər və risklər yoxdur. O, Azərbaycanın sərhədlərində də təhlükəsizliyin təmin edilməli olduğunu ifadə edərək, qonşularla münasibətlərin hər bir ölkədən ötrü prioritet təşkil etdiyini bildirib:

“Bu, xüsusilə bizim region üçün aktualdır. Qonşularla açıq ürəkli və praqmatik münasibətlər qurmaq lazımdır. Bu, həm özünün milli maraqlarını müdafiə etmə, həm də qonşuların milli maraqlarını nəzərə alma əsasında olmalıdır”, – deyən prezident vurğulayıb ki, Azərbaycanın torpaqlarının 20 faizini Ermənistan işğal altında saxlayır.

“Azərbaycan özünü əsl müstəqil ölkə kimi təsdiq edə bilib”

“Azərbaycanın Ermənistandan başqa bütün qonşuları ilə yaxşı münasibətləri var. Bizim Xəzər dənizi və quru yolu ilə bütün qonşularla xüsusi əməkdaşlıq münasibətlərimiz mövcuddur. Ölkəmiz gəncdir, cəmi 26 yaşı var. Lakin Azərbaycan özünü əsl müstəqil ölkə kimi təsdiq edə bilib. Azərbaycan müstəqil xarici siyasət formalaşdıra bilib”, – İ.Əliyev deyib.

İlham Əliyev neft, qazın bir gün bitəcəyini vurğulayıb.

“Gələcəkdə neft və qaz olmayacaq, onlar bir gün bitəcək. Gələcək innovasiya, yaxşı idarəçilik, effektivlik, menecment, şəffaflıq və sahibkarlığa dövlət dəstəyidir. Bir neçə il əvvəl əsas məqsədlərimizdən biri yoxsulluq və işsizliyi aradan qaldırmaq idi. Biz bu məqsədi uğurla icra etdik. Hazırda Azərbaycanda yoxsulluğun səviyyəsi 5,4 faizə düşüb, işsizlik 5 faizdir”, – prezident vurğulayıb.

Xatırlatma

Prezidenti İ.Əliyev dünən, yanvarın 22-də Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etməkdən ötrü İsveçrə Konfederasiyasına işgüzar səfər edib.

Bu gün, yanvarın 23-də İsveçrənin Davos şəhərində sayca 48-ci Dünya İqtisadi Forumu başlayıb

Forum bu il ən önəmli ümumi maraqlar üzrə beynəlxalq əməkdaşlığın təsdiqlənməsi yollarının axtarışına həsr olunub.

Forumun yanvarın 26-da yekunlaşacağı gözlənilir.