Növbədənkənar prezident seçkiləri 2018-ci il aprelin 11-nə təyin olunub.
Prezident İlham Əliyev bu gün, fevralın 5-də «Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında» Sərəncam imzalayıb.
President.az saytının xəbərinə görə, sərəncamda Mərkəzi Seçki Komissiyasına növbədənkənar prezident seçkilərinin 2018-ci il aprelin 11-nə təyin olunması və onun Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etmək tapşırılıb.
REAL: Növbədənkənar seçkilərin ağlabatan səbəbləri izah edilməyəcəksə...
“Respublikaçı Alternativ (ReAl) növbədənkənar prezident seçkilərinin elan edilməsini tələsik və arxasında heç bir ciddi əsasın göstərilmədiyi addım kimi qiymətləndirir. Demokratik ölkələrdə növbədənkənar seçkilərin çağırılması üçün istifadə edilən əsasların heç biri hazırda mövcud deyil”.
REAL Hərəkatının Azərbaycan prezidentinin növbədənkənar prezident seçkiləri elan etməsi ilə bağlı mövqe sənədində belə yazılır.
Hərəkat hesab edir ki, növbədənkənar seçkilər qərarı İlham Əliyevin vaxtından əvvəl yenidən eyni vəzifəyə yiyələnməsindən ötrü atılmış, legitimliyi şübhə doğuran bir addımdır.
“Növbədənkənar seçkilərin elan edilməsi ilə Azərbaycanda ədalətli və azad seçkilərin keçirilməsi üçün onsuz da məhdud vəziyyətdə olan imkanlar bir az da məhdudlaşdırdı. Belə məhdudiyyətlərdən biri ReAl sədri, prezidentlik postuna əsas alternativ namizəd olan İlqar Məmmədovun 2013-cü ildən, yəni ötən prezident seçkilərdən əvvəl həbsdə olmasıdır. Həbsin qanunsuzluğunu və siyasi motivlərlə həyata keçirildiyini müəyyən edən Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarının mövcud olmasına baxmayaraq İlqar Məmmədov azadlığa buraxılmayıb”, – hərəkat bildirir.
REAL eyni zamanda çoxsaylı jurnalist və bloqqerlərin siyasi motivlərlə həbsdə olduğunu, sərbəst toplaşmaq və birləşmək azadlığına ciddi basqıların mövcudluğunu vurğulayır.
“Növbədənkənar seçkilərin elan edilməsinin ağlabatan səbəbləri izah edilməyəcəksə, azad, ədalətli və demokratik seçkilərin keçirilməsi üçün ilkin şərtlər təmin edilməyəcəksə bu seçkilər legitim ola bilməz. Seçki prosesi ümumilikdə “pis hazırlanan teatr tamaşası”ndan başqa bir şey olmayacaq”.
REAL bəyan edib ki, yuxarıda qeyd edilən şərtlərin və İlqar Məmmədovun iştirakının təmin edilməyəcəyi seçkiləri tanımayacaq.
Rusiyanın kölgəsində qalmaq...
REAL-ın icra katibi Natiq Cəfərli daha çox siyasi ehtimalların üzərində dayanır. Onun fikrincə, dünyanın gözü Rusiyada keçiriləcək mart seçkilərinə dikildiyi bir vaxtda Azərbaycan hakimiyyəti diqqəti özündən yayındırmış olacaq:
«Martın 17-də Rusiyada da prezident seçkiləridir və bütün dünyanın, Avropa institutlarının diqqəti bu ölkəyə yönələcək. Rusiyada seçkilər martın ortalarında baş tutacaq, təqribən iki həftə ərzində Konstitusiya Məhkəməsi nəticələri elan edəcək, bu müddətdə seçkilərlə bağlı etirazlar və başqa addımların atılması da gözlənilir. Bu da aprelin əvvəllərinə qədər davam edəcək. Yəni həmin müddətdə dünyanın diqqəti, əsasən, Rusiyada olacaq. Belə bir şəraitdə Azərbaycandakı seçkilər Rusiya seçkilərinin kölgəsində qalacaq, daha rahat «seçki» keçirmək imkanları yaranacaq».
N.Cəfərlinin daha bir ehtimalı var: «Uzun müddətdir iki idarəetmə formasının paralel tətbiqini görürük. Bu da çox davam edə bilməz. Birinci vitse-prezident təyin olunsa da, digər vitse-prezidentlər hələ də təyin edilməyib. Çox güman, növbədənkənar seçkilərdən sonra yeni idarəetmə modelinə keçid sürətlənəcək və tamamlanacaq. Bunun yaxşı, ya pis olduğunu demək hələlik tezdir. Amma ən azından, belə keçid reallaşacaq və bununla da Nazirlər Kabineti sırf formal quruma çevriləcək, vitse-prezidentlik institutu güclənəcək, vitse-prezidentlərin idarə edəcəyi ölkəyə çevriləcəyik».
Daha bir ehtimal da var, bu da həbsdə olan REAL sədri İlqar Məmmədovla bağlıdır. Elə bu ehtimalı sosial şəbəkələrdə ən çox hallandıranlar da REAL-çılardır. N.Cəfərli də üçüncü ehtimal olaraq onun üzərində dayanır:
«Onun azadlığa çıxması ilə bağlı həm beynəlxalq təzyiqlər artıb, həm də Avropa Şurası Nazirlər Komitəsi ilə Azərbaycan hökuməti arasında kommunikasiya martın sonuna yaxın bitir. Bu baxımdan REAL sədrinin azadlığa çıxma ehtimalı yüksəlib. Prezident seçkilərinin erkən keçirilməsi bu ehtimalı gücləndiririr. Mən düşünürəm ki, seçkilər ərəfəsində və ya ondan az sonra biz İlqar Məmmədovu azadlıqda görəcəyik. Seçkilərin daha əvvəl keçirilməsinin səbəblərindən biri də bu ola bilər ki, onun seçkilərdə həm fiziki, həm də hüquqi baxımdan iştirakı imkansızlaşdırılır».
Z.Oruc: 'Bu qərarda fövqəladə heç nə yoxdur'
«Növbədənkənar prezident seçkiləri dünya təcrübəsində də var. Odur ki, bu qərarda hər hansı fövqəladə bir durum yoxdur».
Deputat Zahid Oruc dövlət başçısı İlham Əliyevin növbədənkənar seçkilərlə bağlı sərəncam verməsini belə dəyərləndirib. O, burğulayıb ki, artıq 25 ildir Azərbaycanda hakimiyyət seçkilər vasitəsilə formalaşır:
«Amma 2016-cı ildə Konstitusiyaya dəyişikliklərlə bağlı prezidentlik müddətinin 7 ilə artırılması bəyənildi. Odur ki, bu qərar daha çox Konstitusiya tələbi kimi ortaya çıxır».
Z.Oruc bu seçkilərin irəli çəkilməsi ilə müxalifət qüvvələrinin prosesə hazırlaşmaqdan ötrü vaxtın az qalması ilə bağlı narahatlıqlarına da münasibət bildirib:
«Guya seçkilər indi yox, oktyabrda keçirilsə idi, müxalifət buna xüsusi hazırlıq görəcəkdi ki? Arxasında milyonlarla seçici yoxdur... Müxalifətin seçkidə məğlubiyyətinin səbəbi başqa amillərdədir, seçki hazırlığında deyil».
'Bunun adı fövqəladə seçkidir'
«Dövlət başçısının qanunla növbədənkənar prezident seçkisi təyin etmək səlahiyyəti var, 2016-cı il referendumu ona belə bir imkan yaradır. Amma bununla belə, söhbət növbəti deyil, növbədənkənar seçkidən gedir, bunun bir adı da fövqəladə seçkidir, deməli, biz fövqəladə durumla qarşı-qarşıyayıq. Durduğumuz yerdə növbədənkənar seçki keçirilə bilməz. Buna görə də mütləq bu qərarın səbəbləri açıqlanmalıdır, əsaslandırılmalıdır. Hüquq bunu tələb edir», – hüquqşünas Ələsgər Məmmədli belə deyir.
Amma onun qənaətincə, pis olan budur ki, Azərbaycanda heç kim cəmiyyətə hesab vermək, olanları izah etmək ehtiyacı hiss etmir.
«Konstitusiyada bir maddəni dəyişməklə prezident istədiyi vaxt seçki təyin edə bilər. Ancaq heç bir əsaslandırma göstərmədən növbədənkənar seçki təyin etmək cəmiyyətə qarşı bir sayqısızlıqdır. O cəmiyyətə ki, Konstitusiyaya görə, onun da idarəetmədə iştirak etmək hüququ var», - Ə.Məmmədli söyləyir.
«Doğrudan da prezidentin idarəetməylə bağlı problemi varsa, bunu cəmiyyətlə paylaşmalıydı. Mən bir vətəndaş olaraq yuxudan oyanıb görürəm ki, 64 gün sonra seçki olacaq. Nədən? İdarəetmədə xaosmu yaşanır, xəbərimiz yoxdur? Çoxlu suallar var, ancaq cavabını bilmirik. Bu cavabı da seçkini təyin edənlər açıqlamalıdır», – deyən hüquqşünasın sözlərinə görə, növbədənkənar seçkilərin təyin edilməsi ilə bağlı səbəblərin açıqlanmaması spekulyasiyalara və şayiələrə yol açır.
Ə.Məmmədli bununla bağlı öz ehtimalını da səsləndirir: «Bunlardan biri hökumət içində problemlər, çatlar ola bilər, eyni zamanda, tərəflər məsələsi var. Bundan başqa, manatın devalvasiyası da hökumətin gündəmindədir və onu seçkilərə qədər qoruyub saxlamaq problemdir. Növbədənkənar seçkilərlə bu müddət qısaldıla bilər. Bunlar sadəcə ehtimallardır».
YAP-çı deputat: 'Bu, Konstitusiyadan irəli gələn məsələdir'
«Bu, Konstitusiyadan irəli gələn, həm də dövlət başçısının səlahiyyətinə aid olan məsələdir».
Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, deputat Aydın Mirzəzadə bunu dövlət başçısı İlham Əliyevin növbədənkənar prezident seçkiləri keçirilməsi ilə bağlı qərarını dəyərləndirərkən bildirib.
A.Mirzəzadə vurğulayıb ki, bir neçə mühüm tədbir 2018-ci ilə təsadüf edir və onların hamısını yüksək səviyyədə qeyd etmək lazımdır:
«Bu il həm Cümhuriyyətin, həm ordunun yaradılmasının bir əsrlik yubileyləridir və bu tədbirlər dövlətçilik tarixi ilə bağlıdır. Azərbaycan da oturuşmuş dövlət olaraq bu təbirləri dünyaya ən yaxşı şəkildə təqdim etməlidir, bu isə hazırlıq tələb edir».
Deputat hesab edir ki, prosesin 6 ay önə çəkilməsi heç də seçkilərin keyfiyyətinə mənfi təsir etməyəcək. O, seçkilərin azad və ədalətli şəkildə keçiriləcəyinə inanır.
Tələsik qərar
«Tələsik qərardır, dövlət başçısı İlham Əliyev seçki adlı «əməliyyat»la hakimiyyət müddətini daha 7 il uzatmaq istəyir».
Müsavat Partiyasının başqanı Arif Hacılı dövlət başçısı İlham Əliyevin ölkədə növbədənkənar prezident seçkiləri barədə qərarını belə dəyərləndirib. Onun bildirməsinə görə, bu qərar həm də müxalifət qüvvələrinin prezident seçkisinə hazırlaşmaqdan ötrü lazım olan zamanın əlindən alınması deməkdir.
«Buna səbəb hakimiyyət daxilindəki ziddiyyətlərdir. Bu, ziddiyyətlərə görə seçkini qısa bir zamanda keçirmək istəyirlər»,-deyə A.Hacılı vurğulayıb.
2016-cı ildə referendum yolu ilə Konstitusiyaya bir sıra dəyişiklik də edilib. Həm prezidentin səlahiyyəti artırılıb, həm də prezidentlik müddəti 5 ildən 7 ilə qaldırılıb.
Xatırlatma
Azərbaycanda prezident seçkiləri bu ilin oktyabrında olmalı idi.
Ötən il parlamenti Seçki Məcəlləsinə dəyişikliklər edib.
Layihədə Seçki Məcəlləsinə ümumilikdə 30 dəyişiklik edilib.
Layihədə daha çox növbədənkənar prezident seçkilərinin keçirilməsi ilə bağlı məcəllədəki müddəalara təklif olunan dəyişikliklər diqqət çəkirdi. Söhbət növbədənkənar prezident seçkilərinin müddətinin 3 aydan 60 günə endirilməsindən gedirdi.
Sizin brauzer HTML5-i dəstəkləmir
Məcəllənin 179-cu maddəsinin əvvəl qüvvədə olan 1-ci bəndinin mətninə görə, «prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, növbədənkənar prezident seçkiləri keçirilir».
Təkliflərdə həmin cümlənin aşağıdakı mətndə dəyişdirilməsi öz əksini tapırdı:
«...Prezidentin səlahiyyətlərinin icra müddəti Konstitusiyada müəyyən edilən müddət başa çatmamış bitərsə, habelə Konstitusiyanın 101-ci maddəsinin I hissəsinə əsasən prezidentin elan etdiyi halda növbədənkənar prezident seçkiləri keçirilir».
Seçki Məcəlləsinin 179.2-ci maddəsinə də oxşar dəyişikliyin edilməsi təklif olunurdu. Həmin maddənin əvvəl qüvvədə olan mətnində yazılırdı:
«Konstitusiya Məhkəməsinin və ya Milli Məclisin müvafiq qərarının qəbul edildiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 3 ay ərzində keçirilir».
Sonradan həmin maddə belə dəyişdirildi:
«...Konstitusiya Məhkəməsinin və ya Milli Məclisin müvafiq qərarının qəbul edildiyi, prezidentin növbədənkənar prezident seçkilərini elan etdiyi gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər MSK tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün ərzində keçirilir».