Sumqayıt iğtişaşları 'DTK-nın təxribatı olub'

Sumqayıt iğtişaşları. 1988

Azərbaycan Xarici İşlər Nazirliyi və Baş Prokurorluq 1988-ci il fevralın 28-də baş verən Sumqayıt iğtişaşları ilə bağlı birgə bəyanat yayıb.

Bəyanatda bildirilir ki, XX əsrin 80-ci illərinin sonunda Ermənistan Azərbaycana qarşı əsassız ərazi iddiaları səsləndirməyə başlayıb və bu iddiaları gerçəkləşdirə bilməkdən ötrü zorakılığa, terrora, etnik zəmində təxribatlara əl atılıb:

«Bu zorakılıq əməlləri Azərbaycanın Dağlıq Qarabağ regionu və Ermənistan ərazisində yaşayan köklü Azərbaycan əhalisinə hücumlarla başladı. 1991-ci ildən Ermənistanın Azərbaycana açıq hərbi təcavüzü ilə davam etdi».

Bəyanatda 1988-ci ilin fevralında Sumqayıtda baş verən hadisələr məqsədyönlü təxribat kimi dəyərləndirilir. Sənəddə vurğulanır ki, həmin vaxta qədər Sumqayıtda etnik zəmində hər hansı qarşıdurma olmamışdı.

Bəyanatda yazılır ki, Dağlıq Qarabağ regionunda qətllərə etiraz olaraq 1988-ci il fevralın 26-da Sumqayıtın mərkəzi meydanında nümayiş keçirilib. Ancaq müəlliflərin fikrincə, sonradan bu aksiya təxribat nəticəsində iğtişaşa çevrilib.

Sənədə görə, SSRİ Baş Prokurorluğu iğtişaşları araşdırmaq məqsədi ilə xüsusi istintaq-əməliyyat qrupu yaradıb:

«SSRİ Baş Prokurorluğu istintaq nəticəsində iğtişaş zamanı 26 erməni, 6 azərbaycanlı olmaqla, 32 nəfərin öldürüldüyünü müəyyən etdi. Məhkəmə qərarı ilə 92 nəfər uzunmüddətli həbs cəzasına, 1 nəfər isə ölüm hökmünə məhkum olundu».

Sənədə görə, SSRİ-nin siyasi rəhbərliyinin təzyiqləri ilə istintaq məntiqi sonluğa çatmayıb, təşkilatçılar və sifarişçilər müəyyən edilməyib.

«Erməni evlərinə basqınlar siyahı və xüsusi plan əsasında olub»

Bəyanatda vurğulanır ki, bu hadisələrin əsl mahiyyəti 2010-cu ildə cinayət işi icraatının təzələnməsi ilə baş verib:

«Hazırkı istintaq qrupunun topladığı materialların qiymətləndirilməsi və təhlili təsdiq edir ki, Sumqayıtdakı iğtişaş Azərbaycana qarşı Ermənistan xüsusi xidmət orqanları və SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin (DTK) təşkil etdiyi təxribat olub».

Bəyanatda sonra da yazılır:

«Bu təxribat azərbaycanlıların və ermənilərin birgə yaşamasının mümkünsüzlüyünü sübut etməyə xidmət göstərib. Hadisələr ərəfəsində və hadisələr baş verən gün Sumqayıt şəhərində SSRİ ordu birləşmələrinin kifayət qədər canlı qüvvəsi, texnikası olsa da, qabaqlayıcı tədbirlər görülməyib. Şəhərdə erməni evlərinə basqınlar siyahı və xüsusi plan əsasında olub. Dəfələrlə məhkumluq həyatı yaşamış Sumqayıt şəhər sakini Eduard Qriqoryanın bilavasitə rəhbərliyi və göstərişləri həyata keçirilib. Bu hücumlara məruz qalan ermənilər isə Dağlıq Qarabağın Azərbaycandan ayrılması məqsədini güdən gizli «Krunk» və «Karabakh» komitələrinə ianə verməkdən imtina edən şəxslər olub».

Sənəddə iddia olunur ki, məhkəmə hökmü ilə azadlıqdan məhrum edilən E.Qriqoryan SSRİ dağılandan sonra Ermənistan həbsxanasına köçürülüb və oradan müəmmalı şəkildə azadlığa buraxılıb.

Xatırlatma

1988-ci il fevralın 28-də Sumqayıtda kütləvi iğtişaşlar baş verib. Bu iğtişaşlar zamanı 32 nəfər öldürülüb. İğtişaş və talanlardan sonra şəhərdə komendant saatı elan edilib.

Sumqayıt hadisələrinə Ermənistanda da fərqli yanaşmalar var. Çoxları olaya ermənilərin kütləvi qırğını kimi baxır. Amma eyni zamanda iğtişaş ssenarisinin Moskvada hazırlandığını söyləyənlər də var. Məsələn, Ermənistan prezidentliyinə keçmiş namizəd Paruyr Hayrikyan 1988-ci ilin fevralında Sumqayıtda baş verənlərə görə sovet hakimiyyətini ittiham edib. O, Sumqayıt olaylarını Moskvanın təşkil etdiyi bir iğtişaş adlandırıb.