AXCP Gənclər komitəsinin Ali Məclis üzvü Orxan Baxışlının narkotik ittihamı ilə həbs edildiyi bildirilir.
Bu barədə AXCP-dən məlumat yayıblar.
Partiyadan deyiblər ki, mayın 8-də Yasamal Rayon Məhkəməsində qapalı keçirilən prosesdə gənc fəal barəsində istintaq dövründə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.
AXCP-dən bildirildiyinə görə, O.Baxışlıya qarşı Cinayət Məcəlləsinin 234.4.3 (Qanunsuz olaraq narkotik vasitələr hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham irəli sürülüb.
Bu ittiham sübuta yetirilərsə, gənc fəala əmlakı müsadirə olunmaqla 5 ildən 12 ilədək müddətə həbs cəzası verilə bilər.
«O.Baxışlını mayın 6-da metronun «Elmlər Akademiyası» stansiyasının yaxınlığındakı parkda mülkigeyimlilər saxlayıb. Xeyli müddət saxlandığı yeri barədə heç bir məlumat olmayıb. Sonradan Yasamal Rayon Polis İdarəsində saxlandığı məlum olub», - partiyadan yayılan məlumatda vurğulanıb.
AXCP hesab edir ki, gənc fəal bir müddət öncə 2005-ci ildə qətlə yetirilən «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun məzarı başında hakimiyyəti sərt tənqid etdiyinə görə şərlənərək həbs edilib.
AXCP-dən yayılan bu məlumata Yasamal Rayon Məhkəməsindən və başqa rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.
Bununla belə, hüquq-mühafizə orqanları, bir qayda olaraq, bəyan edirlər ki, Azərbaycanda heç kim siyasi əqidəsinə görə şərlənərək həbs edilmir.