Özbəkistan hökuməti məcburi əməyə tamamilə son qoya biləcək qərar çıxarıb.
Bu Orta Asiya ölkəsi dünyanın aparıcı pambıq ixracatçılarındandır, illər boyunca tələbələr, təhsil, səhiyyə əməkdaşları pambıq yığımına cəlb olunub. Boykot kampaniyaları, beynəlxalq təzyiq nəticəsində 2015-ci ildə azyaşlıların məcburi əməyə cəlbi dayandırılıb.
Mayın 10-da çıxarılmış qərarda deyilir ki, müəllimlər, həkimlər, eləcə də tələbələrə küçələri təmizləmək, pambıq yığmaq kimi tapşırıqlar verilə bilməz.
Sənəddə Baş Prokurorluğa, Əmək Nazirliyinə bu halların önlənməsindən ötrü gərəkən tədbirləri görmək tapşırılır.
Islam Karimov Özbəkistanı 20 ildən artıq bir müddətə idarə edib. 2016-cı il sentyabrın 2-də onun vəfat etdiyi açıqlanıb. Karimov-dan sonra hakimiyyətə gələn Shavkat Mirziyoev islahatlar vəd edib.
Mirziyoev 2017-ci ilin sentyabrında BMT Baş Assambleyasındakı çıxışında ölkəsində məcburi əmək problemindən də danışıb.
Özbəkistan pambıq hasilatına görə dünyada 5-ci yeri tutur. Pambığının 60 faizdən çoxunu Çinə, Banqladeşə, Türkiyə və İrana ixrac edir. Ölkə pambıq sənayesindən ildə 1 milyard dollardan artıq qazanır.