Coğrafiya İnstitutunun alimləri Xəzər sahillərindən Qarabağ düzünə qədər olan ərazidə çöl tədqiqatları aparıblar.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) məlumat yayıb. Tədqiqata institutunun Landşaftşünaslıq və landşaft planlaşdırılması şöbəsinin müdiri Mirnuh İsmayılov rəhbərlik edib.
Məlumatda bildirir ki, bunda məqsəd təbii-antropogen landşaftların inkişaf dinamikasını, antropogen transformasiyasının əsas istiqamətlərini müəyyən etməkdir.
«Bu məqsədlə müxtəlif landşaft növlərində 40-a yaxın nümunə meydançası ayrılıb. Onlarda kompleks müşahidələr aparılıb, kimyəvi analiz məqsədi ilə torpaq-bitki və süxur nümunələri götürülüb...», - məlumatda yazılıb.
Açıqlamaya görə, ilkin olaraq müəyyən edilib ki, son 3-4 il ərzində Xəzərin səviyyəsi sürətlə aşağı düşüb: «Salyan düzünün dəniz sahili ərazilərində relyef xüsusiyyətlərindən asılı olaraq, dəniz Züd-Ost Kultuk körfəzi sahillərində 1200-1500, bəzi sahillərdə isə 200-300 metrə qədər geri çəkilib və nəticədə geniş ərazi kontinental rejimə keçib. Dənizin geri çəkilməsi ilə yeni yaranan landşaftların evolyusiyası, struktur-dinamiki xüsusiyyətləri öyrənilib və 1:25000 miqyaslı xəritə tərtib edilib. Məlum olub ki, dəniz altından çıxmış ərazilərdə şiddətli dərəcədə şorlaşmış tipik yarımsəhra və səhralaşmış landşaftlar əmələ gəlib».
«Saqqız ağacı meşələri qırılır»
Açıqlamada bildirilir ki, son zamanlar Kür çökəkliyində pambıqçılığın sürətlə inkişafı kimyəvi dərmanlardan istifadəni intensivləşdirib. Nəticədə ərazidəki qrunt sularında və onlarla qidalanan kollektorlarda zəhərli kimyəvi elementlərin miqdarı artıb. Bu da alimlərin fikrincə, kollektorların suyundan hər hansı bir məqsədlə istifadəni təhlükəli həddə çatdırır.
«Qarabağ düzünün unikal landşaftlarından olan Sultanbud saqqız ağacı meşələri acınacaqlı vəziyyətə düşüb. Meşədə aparılan tədqiqat zamanı ağacların kütləvi qırılması, kənd təsərrüfatından istifadə sahələri və meşə bərpa xüsusiyyətləri öyrənilib», - açıqlamada yazılıb.