Dünyanın ən sağlam ölkələri bunlardır

İstanbulda restoran

İspaniya dünyanın ən sağlam ölkəsi reytinqində İtaliyanı üstələyərək birinci yerə çıxıb. Bunu Bloomberg Ən Sağlam Ölkə İndeksi üzə çıxarıb. Bu indeks 169 ölkə üzrə ümumi sağlamlığa təsir göstərən faktorlara əsasən hazırlanır.

İspaniya 2017-ci ilin indeksində altıncı yerdə idi.

Builki indeksə Avropanın daha dörd ölkəsi düşüb: İslandiya (3), İsveçrə (5), İsveç (6), Norveç (9).

Asiyanın ən sağlam ölkəsi Yaponiyadır, 2017-ci ildəki reytinqdəkindən üç pillə irəliləyərək 4-cü yerə qalxıb. Sinqapur isə 4-cü pillədən 8-ə düşüb.

Avstraliya 7-ci, İsrail isə 10-cu yerdə qərarlaşıb.

UZUNÖMÜRLÜLƏR İSPANİYADA YAŞAYIR

Cənubi Koreyanın mövqeyi 7 pillə yaxşılaşaraq 17-ci olub, 1,4 milyard nəfərin yaşadığı Çin isə 52-cidir. 2040-cı ilədək Çində ömür uzunluğunun Birləşmiş Ştatları keçəcəyi gözlənir.

Zeytun yağı

Ən qeyri sağlam 30 ölkədən 27-si Saharaaltı iqtisadiyyatlardır. Qalan 3 ölkə isə Haiti, Əfqanıstan və Yəməndir.

Bu indeks ömür uzunluğu, tütün kimi zərərli məhsullara görə cərimə tətbiqi, köklük göstəricilərinə əsasən hesablanır. Təmiz suya çıxış və sanitariya kimi ətraf mühit faktorları da nəzərə alınır.

Avropa Birliyi ölkələri içində ən uzun ömür İspaniyada qeydə alınır. Ondan sonra Yaponiya və İsveçrə gəlir. 2040-cı ilədək İspaniyada ömür həddinin 86 ilə çatacağı gözlənir. Sonrakı yerləri isə Yaponiya, Sinqapur və İsveçrə tutacaq.

Tədqiqatçıların fikrincə, İspaniya və İtaliyada sağlamlıq durumuna yemək vərdişləri də təsir göstərir. Belə ki, bu ölkələrdə geniş yayılmış Aralıq dənizi pəhrizi ürək-damar xəstəliklərinin azalmasına səbəb olur. Sözügedən pəhrizdə ilk sıxılmada zeytun yağı və qoz-fındığa üstünlük verilir.

Şimali Amerikada isə Kanada 16-cı, ABŞ və Meksika uyğun olaraq 35 və 53-cü yerdədirlər. ABŞ-da ömür həddi azalmağa doğru gedir, əsas səbəb də narkotik və intiharların doğurduğu ölüm hallarıdır.