2019-cu ilin yanvar ayının əvvəlinə ölkə əhalisinin ümumi sayının 50.1 faizini qadınlar təşkil edib.
Bu rəqəm Dövlət Statistika Komitəsinin (DSK) bu gün, martın 7-də yaydığı məlumatda yer alıb.
Qurum 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycanda qadınlara aid bəzi statistik məlumatları yayıb.
Qızların doğulması azalıb
Məlumatda qeyd edilib ki, ilin əvvəlində qadınların sayı 4 milyon 999.1 min nəfərə bərabər olub. «Ötən il doğulmuş 139 min körpənin 46.6 faizini qız uşaqları təşkil edib. Qadınların 53.4 faizi nəsilvermə qabiliyyətinə malikdir», - açıqlamada yazılıb.
DSK bildirir ki, hazırda ölkədə 17 doğum evi, 130 qadın məsləhətxanası, 248 uşaq poliklinikası və ambulatoriyası qadınların sağlamlığının keşiyində durur: «Azərbaycan qadınlarının məşğul əhalinin ümumi sayındakı xüsusi çəkisi ilkin məlumatlara əsasən, 48.2 faizdir».
Qurum vurğulayıb ki, ölkənin ümumi təhsil müəssisələrində müəllimlərin 80.1, orta ixtisas təhsil müəssisələrində 78.9, ali təhsil müəssisələrində 52, həkimlərin isə 62 faizi qadınlardır: «Ümumi təhsil müəssisələrində şagirdlərin 46.9 faizi, orta ixtisas təhsil müəssisələrində oxuyanların 65.7 faizi, ali təhsil müəssisələrinin tələbələrinin 48.2 faizi qızlardır».
Elmlər doktorları çoxalıb
DSK qeyd edib ki, elmi işçilərin 58.1 faizini qadınlar təşkil edir: «Son 5 ildə həm elmlər doktoru, həm də fəlsəfə doktoru elmi dərəcəsi olan qadınların sayı 1.3 dəfə artıb. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərindən 9-u, müxbir üzvlərindən isə 12-si qadındır. Dövlət qulluğunda çalışanlar arasında qadınların xüsusi çəkisi ilkin məlumatlara əsasən, 28.6 faiz, sahibkarlar arasında isə 21.5 faizdir. Bədən tərbiyəsi və idmanla məşğul olanların 42 faizi qadınlardır».
Xanım deputatların sayı da artıb
DSK bildirir ki, Milli Məclisdə qadın deputatların sayı da artır: «Əgər 1990-cı ildə bütün deputatların 4.3 faizini, 2000-ci ildə 10.7 faizini qadınlar təşkil edirdisə, bu gün ölkədə qadın deputatların xüsusi çəkisi 16.8 faizə çatıb».
DSK bildirir ki, sürücülük vəsiqəsi alan qadınların sayı da ildən-ilə yüksəlir: «Belə ki, sürücülük vəsiqəsi alanların ümumi sayında qadınların xüsusi çəkisi 2008-ci ildə 4.6 faiz olduğu halda, 2018-ci ildə 7.4 faizədək artıb».
Xatırlatma
Bütün dünyada 8 mart Beynəlxalq Qadınlar Günü kimi qeyd olunur. Bu bayramın əsası Avropa sosialistlərindən olan Klara Setkinin təklifi ilə 1910-cu ildə qoyulub.
İndi 8 Mart daha çox qadınların ictimai-siyasi, iqtisadi bərabərlik, öz hüquqları uğrunda mübarizədə həmrəylik günü sayılır.