Mueller-in hesabatının icmalı hansı sualları cavabsız buraxır

William Barr

ABŞ-ın Baş prokuroru William Barr xüsusi prokurorun 22 ay ərzində apardığı təhqiqatın icmalını iki günə hazırlayıb. Söhbət xüsusi prokuror Robert Mueller-in Prezident Donald Trump-ın 2016-cı il seçkisi zamanı Rusiyayla sövdələşməyə gedib-getməməsilə bağlı təhqiqatından gedir.

AzadlıqRadiosu-nun əməkdaşı Alan Crosby yazır ki, baş prokuror xüsusi hesabatın icmalını açıqlayandan bir neçə dəqiqə ərzində bir məsələ dərhal aydınlaşdı: bu təhqiqat hələ məsələni həll etməyib.

Trump-ın komandası artıq bayram edir, prezidentin müdafiə olunduğunu deyir. Barr bildirib ki, Mueller-in təhqiqatı “Trump kampaniyası üzvlərinin Rusiya hökumətilə seçkiyə müdaxilə fəaliyyətində sövdələşməyə getdiyini müəyyənləşdirməyib”.

“Xüsusi prokuror hansısa sövdələşmə, yaxud ədalətin əngəllənməsini aşkarlamayıb. Baş prokuror Barr və müavini Rosenstein ədalətin əngəllənmədiyini ortaya çıxarıb”, – Ağ evin mətbuat katibi Sarah Sanders Twitter-də yazıb. O, prezidentin tamamilə təmizə çıxdığını vurğulayıb.

Sarah Sanders

Amma Trump-ın opponentləri bunun belə olmadığını, Mueller, yaxud Barrın belə açıqlama vermədiyini deyirlər. Trump-ın təhqiqat getdiyi müddətdə ədalətə əngəl yaratmağa çalışması da aydın şəkildə ifadə olunmayıb.

BARRA XƏBƏRDARLIQ

Barr ABŞ millət vəkillərinə yazdığı məktubda bildirir ki, Mueller-in 2016-cı il ABŞ prezident seçkisinə dair apardığı təhqiqat prezident Donald Trump-ı nə təmizə çıxarır, nə də onun cinayət törətdiyini sübut edir.

Ədliyyə Nazirliyinin 24 mart tarixli məktubunda habelə deyilir ki, Mueller-in topladığı dəlillər Trump-ın ədalətin qarşısını almasının sübutu üçün “kifayət” deyil. ƏTRAFLI

Barr qeyd edib ki, Mueller-in komandasının yeni ittihamlar irəli sürmək planları yoxdur.

Demokratlar isə dərhal Barr-ın təqdim etdiyi xülasəyə qarşı çıxaraq ona xəbərdarlıq ediblər ki, dəlili ört-basdır etməsin. Onlar Mueller-in hesabatla bağlı Konqresdə ifadə vermək ehtimalını səsləndiriblər.

Nancy Pelosi

“Baş prokurorun hesabatın nəticələrinin icmalını təqdim etməsi yetərli deyil. Konqres tam hesabatı və müvafiq sənədləri tələb edir ki, komitələr öz müstəqil işlərini görə bilsinlər”, – Nümayəndələr Palatasının demokrat spikeri Nancy Pelosi deyib.

Berkli universitetində professor, Clinton administrasiyasında dövlət katibi olmuş Robert Reich bildirir ki, Trump-ıa qarşı ədalətin əngəllənməsi iddiaları “güclü”dür.

Barrın icmalı nəinki Mueller-in hesabatının üzə çıxardıqlarını cilalayır, həm də vacib bir detalı ört-basdır edir. Barr qərara gəlib ki, Trump-a qarşı ədalətin əngəllənməsi ittihamları irəli sürülməsin. Amma Trump özü etiraf etmişdi ki, Rusiya təhqiqatını dayandırmaq məqsədilə Federal Təhqiqat Bürosunun direktoru James Comey-i vəzifəsindən kənarlaşdırıb”, – o deyir.