Təmir edilən yol yenidən niyə çökür?

Bakıda çökən yol

“İstər paytaxt Bakıda olsun, istərsə də rayonlarda, əgər yollarda problem yaranırsa və ya çökmə baş verirsə ilk növbədə bunun səbəbləri araşdırılmalıdır”

Bunu Azadlıq Radiosuna nəqliyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov deyib.

O Bakıda Babək prospektində və ölkənin bir sıra bölgələrində yeni təmir edilən yollarda son vaxtlar baş verən çökmələrə münasibət bildirib.

“Mənim bildiyim budur ki, əgər yolda anomal proses baş verirsə, deməli yol ilə bağlı texniki, geoloji, qaydalara əməl etməyiblər. Bu müəyyən mənada mühəndis yanaşmasından da asılı ola bilər”, Ə.Hüseynov vurğulayıb.

Amma ekspertə görə, bu sadaladıqları da baş verənlərlə bağlı səbəblərinin hamısı deyil. Onun fikrincə, burada yol salınan ərazinin öyrənilməsi, yol altından keçən kommunikasiya xətləri, kanalizasiya suları və başqa amillər diqqətə alınmalıdır: “Amma buda var ki, Abşreon sərt platforma üzərində olan ərazidir. Bataqlıqlar üstündə deyil ki, deyək, bataqlıqlar üstündədir, ona görə bu çökmələr baş verir…”.

Xatırlatma
Son illər Bakının Babək prospektində bir neçə dəfə çökmə baş verib. Ölkə mətbuatında yer alan yazılara görə, təkcə 2018-ci ildə bu prospektdə yenidənqurma işlərinə 2018-ci ilin dövlət büdcəsindən 20.1 milyon manat vəsait ayrılıb. Amma bu günlər həmin yolda yenidən çökmə baş verdiyi qeyd edilir. Rəsmilər məsələnin araşdırılacağını bildiriblər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi əvvəllər bu yolda çökmələri həmin ərazidən keçən kanalizasiya borularında, kollektorlardakı problemlər və başqa amillərlə izah ediblər.

Oxşar hadisələrə ölkənin başqa bölgələrində də rast gəlmək mümkündür.

Bəzi ekspertlərdə belə halların baş verməsin korrupsiya və səriştəsizliklə izah edirlər. Hərçənd, rəsmilər belə fikirləri qəbul etmirlər