'Gəncə işi'ndə tutulanların yaxınları şikayətlərinə davam edirlər

Sizin brauzer HTML5-i dəstəkləmir

'Gəncə işi' ilə bağlı məhkəmədə qarşıdurma (Geniş video)

Bugün, sentyabrın 4-də ötən il Gəncədə baş verən olaylar zamanı həbs edilən şəxslərin bir qrup yaxını yenidən Bakıda yürüş keçirməyə cəhd göstəriblər. Onlar Prezident Administrasiyasının önünə doğru hərəkət ediblər.

«Övladlarımız kimlərinsə siyasi oyunlarının qurbanı olublar. Haraya müraciət etsək, bizi hər yerdən qovurlar», - aksiya iştirakçılarından biri bildirib.

Aksiyanın başqa bir iştirakçısı da həmin olaylarda bəzi baş verən halları «tamaşa» adlandırıb.

«Bu hadisələr zamanı Gəncədə hörmət olunan iki polis zabiti öldürülüb. Günahı bizim uşaqlarımızın üstünə atmaq yox, onların qətlinin sifarişçilərini axtarmaq lazımdır», - o vurğulayıb.

Valideynlər həmçinin, sosial şəbəkələrdə onlarla bağlı bəzi paylaşımları pisləyiblər.

Polis şikayətçilərin administrasiya binasına yaxınlaşmasına imkan verməyib, onları yaxınlıqdakı parkın ərazisindən uzaqlaşdırıb.

Baş verənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Prezident Administrasiyasından münasibət almaq mümkün olmayıb.

Bu şəxslər bundan əvvəl də Prezident Administrasiyasının, Baş Prokurorluğun önünə toplaşaraq şikayətlərini ifadə ediblər. Həmin rəsmi qurumlarda onların nümayəndələri qəbullarda da olublar. Qəbuldan çıxan şəxslər bildiriblər ki, onlara şikayətlərinin araşdırılacağı vədi verilib.

Xatırlatma

Ötən il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və bir polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Yunis Səfərov həbs edilib. Hüquq-mühafizə qurumları bunu terror əməli sayır və Y.Səfərovun əsas məqsədinin Azərbaycanda şəriət qanunları ilə yönəldilən islam dövləti qurmaq olduğunu iddia edirlər. Məhkəməsi başlamayan Y.Səfərov bu iddialara münasibətini hələ ictimaiyyətə açıqlamayıb.

Rəsmi məlumata görə, iyulun 10-da Gəncədə 150-200 nəfərlik radikal dini qrupun keçirmək istədiyi aksiyada isə yüksəkrütbəli polis zabitləri – İlqar Balakişiyev Səməd Abbasov qətlə yetiriliblər.

Gəncə olaylarına görə 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Bəzilərinə hökm oxunub, bəzi işlər hazırda apellyasiya məhkəməsində araşdırılır. Avqustun 9-da qruplardan birində dörd nəfər məhkəmə zalından azadlığa buraxılıb. Daha sonra da iki nəfərin azadlığa buraxıldığı açıqlanıb. Bəzi məhbusların da həbs müddətləri azaldılıb.

«Gəncə işi» üzrə 11 nəfər də beynəlxalq axtarışa verilib.

Həbs olunanlar məhkəmədə saxlanarkən və ondan sonra bir neçə gün işgəncələrə məruz qaldıqlarını, təzyiq altında ifadələrə imza atdıqlarını bildiriblər. Daxili İşlər Nazirliyi isə saxlanılan şəxslərə işgəncə verilməsi barədə deyilənləri təkzib edib.