Dünyada yaşı 5-dən az 700 milyonadək uşağın üçdə biri ya yaxşı qidalanmır, ya da piylənib. Onlar həyatları boyunca sağlıq problemləri ilə üzləşə bilərlər. Bu haqda BMT-nin uşaq təşkilatı olan UNICEF-in oktyabrın 15-də açıqladığı uşaqların qidalanması haqda hesabatında söz açılır.
50 milyon uşağın isə çəkisi boyuna görə azdır
“Uşaqlar pis yeyirlərsə, pis yaşayırlar”, – UNICEF-in icraçı direktoru Henrietta Fore qurumun 1999-cu ildən bəri ilk dəfə hazırladığı Dünyada Uşaqların Vəziyyəti adlı hesabatı təqdim edərkən deyib.
Hesabata görə, indi uşaqların qidalanmasıyla bağlı problemlər yoxsul və ortagəlirli ölkələrdə cəmləşib.
Yoxsul ölkələrdə uşaqların yaşına görə boyunun qısalığı 1990-cı illə müqayisədə 2015-ci ilədək 40 faiz yaxşılaşıb. Ancaq yenə də bu gün yaşı 4 və daha az 140 milyon uşağın yaşına görə boyunun qısa olduğu bildirilir. Bu kilinik durum həm beyinin, həm də bədənin inkişafını əngəlləyir.
Buna da bax: Düzgün qidalanma 3,7 milyon həyatı xilas edərDaha 50 milyon uşağın isə çəkisi boyuna görə azdır.
UNICEF bildirir ki, dünyada yaşı 5-dək uşaqların yarısı əsas vitaminləri və mineralları almır. Qurum bu problemi “gizli aclıq” adlandırır.
Son 30 ildə inkişaf etməkdə olan dünyada uşaqların pis qidalanmasıyla bağlı daha bir problem ortaya çıxıb: artıq çəki.
Üçqat yük
“Bu üçqat yük – yaxşı qidalanmamaq, vacib qidalandırıcı mikroelementlərin olmaması və piylənmə – getdikcə eyni ölkəyə cəmləşir, hətta bəzən eyni yaşayış məkanında, bəzən eyni evdə rast gəlinir”, – UNICEF-in qidalanma proqramının başçısı Victor Aguayo “AFP”yə deyib.
Buna da bax: Səhiyyə Nazirliyi etiraf edir ki, bəzən analar süni qidalara yönəldilirOnun sözlərinə görə, artıq çəkili ananın uşaqları cırtdan boylu, yaxud yaşına görə sısqa ola bilər.
Digər yaş qrupları üzrə isə dünyada 800 milyon nəfərin daim ac olduğu, 2 milyardadək adamın yanlış qidalar yediyi bildirilir. Bu qidalar piylənməyə, ürək xəstəliyi və diabetə səbəb olur.
Hesabatda o da vurğulanır ki, altı aylığadək hər 5 uşaqdan yalnız ikisi ana südüylə qidalanır.
Sənədə görə, hər bir uşağın sağlam qidalanması özəlliklə inkişaf etməkdə olan ölkələrdə “siyasi prioritet”ə çevrilməlidir.
Bundan başqa şəkərli qida və içkilərə vergilər, ana südü əlavələrinin satışının nizamlanması, məktəblərin yaxınlığında ayaqüstü qidaların reklam və satışının məhdudlaşdırılması dəyişiklik yarada bilər, UNICEF bildirir.