Rüşvətdə suçlanan iki məmur azadlığa çıxdı

Həbs

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin iki məmuru - Beyləqan Meşələrin Bərpası və Mühafizəsi Müəssisəsinin direktoru Novruz Alkərəmov və nazirliyin Beyləqan şöbəsinin baş məsləhətçisi Mehdi Abdullayev məhkəmə zalından azadlığa buraxılıb. Onlar 10 min manat rüşvət alıb, meşədə obyekt salınmasına icazə verməkdə suçlanırdı.

Ancaq onlar özlərini təqsirli bilmirlər, rüşvət ittihamını da qəbul etmirlər. Deyirlər ki, onlara rüşvət verdiyi iddia olunan Teymur Aslanovu da tanımırlar.

«Mən onu görəndə də tanımadım. Bir dəfə istintaqda görmüşəm. Heç vaxt da ondan rüşvət almamışam, görüşməmişəm. Bunu sübut edən bir fakt da yoxdur. Yəqin ki, ona mənim şəklimi göstəriblər. Deyiblər ki, bu adamdan şikayət elə», - M.Abdullayev belə deyib.

Onun sözlərinə görə, başqa şəxslər arasında olan mübahisənin nəticəsi olaraq həbs edilib: «Başqalarının oyunudur, biz düşmüşük».

Amma o, oyunun nədən ibarət olduğunu, kimlərin arasında getdiyini açıqlamayıb.

Ancaq məhkəmə onlara CM-in 311-ci (rüşvət alma) maddəsiylə verilən ittihamın sübuta yetirildiyini hesab edib. Təqsirli bilinsələr də, onlara münasibətdə CM-in 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Sabiq məmurlar şərti cəzayla həbsdən buraxılıb.