“The Washington Post” qəzeti Amerikanın Səsi radiosunun Vaşinqtondakı müxbiri Ani Chkhikvadze-nin Gürcüstandakı son proseslərlə bağlı məqaləsini dərc edib.
Son həftələr Tbilisidə parlament qarşısına çıxan etirazçılar seçki sisteminə dəyişiklik, qarışıq seçki sistemindən proporsional sistemə keçid tələb edirlər. Parlament konstitusiyaya dəyişikliyi qəbul eləməyincə etirazçılar küçələrə axışıb. Təhlükəsizlik qüvvələri isə onları dağıtmaq üçün su şırnağından istifadə edib.
Müəllif yazır ki, bu həftə kritik mərhələyə girən etirazlar, onların uğurlu olması, yaxud iflası Gürcüstanın demokratik trayektoriyasını, geosiyası gələcəyini müəyyənləşdirəcək.
Buna da bax: Meksika narkokartelləri terrorçu təşkilat sayıla bilər – Qərb mediasıHakim Gürcü Arzusu partiyasının lideri, milyarder Bidzina Ivanishvili ölkə ərazisinin 20 faizini işğal etmiş Rusiyayla münasibətləri istiləşdirməyə çalışır. O, sentyabrda 2013-cü ilədək Rusiya vətəndaşı olmuş Giorgi Gakharia-nı baş nazir təyin edib.
Ivanishvili-yə təzyiqi saxlamaq
Müəllif elə bu yay baş qaldırmış etirazların da Gürcü Arzusunun işindən məyusluğun dərinləşməsinin nəticəsi sayır. Nümayişlərdə hökumətin Moskvaya yaxınlığına etiraz səsləndi, daha sonra siyasi islahatlar, ölkədə hesabatlılıq tələb olundu. Məqalədə etirazlara daha çox gənclərin liderlik etdiyi, onların keçmiş prezident Mikheil Saakashvili-nin Qızılgül İnqilabından bəhrələndiyi qeyd olunur. “Müstəqilliyini əldə etmək, fərdi azadlıqları təmin etmək, korrupsiyaya üstün gəlmək, ölkəni Rusiyadan çıxarmaq uğrunda ağır mübarizə aparmış bir ölkə üçün son yeddi il çətin keçib. Bu nəsil – mənim nəslim indi bütün bunların təhdid altında olduğunu görür. Gürcüstanın liberallaşan demokratiya kimi gələcəyi qeyri-müəyyəndir”, – müəllif vurğulayır.
Buna da bax: Rəy sorğusu: İmpiçmentə dəstək artırMəqalədə qeyd olunur ki, əhalisinin əksəriyyəti Qərbə oriyentasiyanı dəstəkləyən, Rusiyanı böyük siyasi və iqtisadi təhdid kimi görən ölkədə Ivanishvili Moskva tərəfindən əlverişli namizəd sayılır. Axı, o, Vaşinqtona qarşı Rusiyanın maraqlarını balanslaşdırıb.
“Gürcüstanın Qərbdəki tərəfdaşlarının Ivanishvili-yə təzyiqi saxlaması vacibdir. Onlar Moskvanın regiondakı ambisiyalarını önləyən, ön cəbhədə yerləşən daha bir ölkənin Kremlin əlinə keçməsinə imkan verməməlidirlər”, – müəllif vurğulayır.
Gürcüstanın Daxili İşlər Nazirliyi noyabrın 26-da bildirib ki, 28 etirazçı “polisə itaətsizlik və xuliqanlığa” görə saxlanıb. Səhiyyə Nazirliyi dörd nəfərin xəsarət aldığını, onlardan üçünün xəstəxanaya yerləşdirildiyini bildirib. Həmin gün etirazçılar parlamentin qarşısına yığışaraq qanunverici orqanın iclas keçirməsinə imkan verməyəcəklərini deyirdilər, polis onları su şırnaqları ilə dağıtdı.