Dekabrın 3-də ABŞ Nümayəndələr Palatası uyğurlarla bağlı qanun layihəsini yekdilliklə təsdiqləyib. Bu qanunvericilik Çində uyğur müsəlmanlara qarşı insan haqları pozuntularına yol verən yüksək vəzifəli rəsmilərə qarşı sanksiyaların tətbiqinə, eləcə də bu ölkədən ixracın qadağan olunmasına imkan verəcək.
2019-cu ilin Uyğur Aktı adlı sənəddə Pekinin Sintzyan regionunda yol verdiyi “ciddi insan haqları pozuntuları” tənqid olunur. Bu regionda 1 milyonadək uyğurun və digər müsəlman azlıq nümayəndələrinin düşərgələrdə saxlandığı bildirilir.
Prezident Donald Trump sənədi ya imzalayacaq, ya da veto qoyacaq.
Çin qanuna sərt reaksiya verib.
“Birləşmiş Ştatları dərhal səhvlərini düzəltməyə, Sintzyanla bağlı qanun layihəsinin qanuna çevrilməsini əngəlləməyə, Sintzyanla bağlı məsələdən Çinin daxili işlərinə müdaxilə üçün istifadəni dayandırmağa çağırırıq”, – Çin Xarici İşlər Nazirliyinin sözçüsü dekabrın 4-də verdiyi bəyanatda deyib.
“Çin vəziyyətin inkişafına uyğun olaraq reaksiya verəcək”, – sözçü Hua Chunying vurğulayıb.
Pekin sözügedən düşərgələrdə uyğurlarla pis rəftar olunmadığını, onlara “təlim keçildiyini” deyir.