Yanvarın 27-də ABŞ Prezidenti Donald Trump-ın hüquqi müdafiə komandası Senatda impiçment mühakiməsində çıxış edərkən keçmiş milli təhlükəsizlik müşavirinin açıqlamalarını əsasən gözardı edib.
Ağ evin keçmiş müşaviri John Boltonun kitabının əlyazma variantından bəzi açıqlamalar bir neçə gün öncə yayılıb. Ancaq Trump-ın vəkilləri daha çox Nümayəndələr Palatasının irəli sürdüyü ittihamlara fokuslanıblar, keçmiş vitse-prezident Joe Biden-ə hücum çəkiblər.
Yeddi saat çəkən təqdimatın sonuna yaxın vəkillər Boltonun hələ çap olunmamış kitabından açıqlamalara toxunublar.
“Boltonun açıqlamalarında heç nə – hətta həqiqət olsa belə – hakimiyyətdən sui-istifadə, yaxud impiç olunası cinayət səviyyəsinə çatmır”, – Harvardın Hüquq professoru Alan Dershowitz deyib.
Buna da bax: Bolton: Trump Ukraynaya yardımı o vaxtadək dondurub ki...Bolton nə yazır
“The New York Times”-ın məlumatına görə, Bolton yazıb ki, Trump avqustda ona Ukraynaya 391 milyon dollarlıq hərbi yardımı yubatmaq istədiyini deyib. İddiaya görə, prezident bunu Kiyevin Demokratlar, seçkidə potensial rəqibi Joe Biden və oğlu Hunter Biden-lə bağlı təhqiqata köməklik göstərməsinə nail olmaq üçün etmək istəyib.
Trump-ın müdafiə komitəsi dəfələrlə bildirib ki, prezident heç vaxt Ukraynaya yardımı təhqiqatlarla əlaqələndirməyib.
Bu məlumat yayılan kimi demokratlar Boltonun impiçment mühakiməsində ifadə verməsi tələbini yenidən dilə gətiriblər.
Prezidentə daha bir ittiham Konqresin işinə maneçilik törətməkdir.
Hazırda impiçment mühakiməsində Trump-ın iyulun 25-də ukraynalı həmkarı Volodymyr Zelenskiy ilə telefon söhbəti araşdırılır. Həmin söhbət zamanı ABŞ Prezidenti ukraynalı həmkarından Biden barədə araşdırma aparmasını istəyib. Biden noyabrda keçiriləcək prezident seçkisində Trump-ın potensial rəqibi sayılır. O, vitse-prezident vəzifəsində olarkən oğlu Hunter Biden Ukraynada enerji şirkətinin heyət üzvü olub.
Tənqidçilərin fikrincə, Kiyevə hərbi yardım təzyiq vasitəsi kimi yubandırılıb.
Trump hər hansı səhvə yol vermədiyini deyir, impiçment prosedurunu “əcinnə ovu” adlandırır.
İmpiçment mühakiməsinin səkkizinci günü yanvarın 28-də yerli vaxtla günorta 1-də davam edəcək. Trump-ın müdafiə komandasının ilkin arqumentləri təqdim etməsi üçün sonuncu günüdür.