ABŞ Prezidenti Donald Trump fevralın 16-da türkiyəli həmkarı Recep Tayyip Erdogan ilə telefon söhbətində “Suriyanın İdlib vilayətindəki zorakılıqdan narahatlığını dilə gətirib”, – Ağ evin mətbuat katibi Judd Deere deyib.
Trump Rusiyanı Suriya rejiminin “vəhşilikləri”nə dəstəyini dayandırmağa çağırıb, Birləşmiş Ştatların Suriya Prezidenti Bashar al-Assada “Rusiyanın dəstəyini kəsməsini” görmək istədiyini söyləyib.
O, “Suriya münaqişəsinin siyasi həllinə” çağırıb. Suriyada 9 ilə yaxındır münaqişə gedir.
Bu telefon söhbətindən bir gün sonra – fevralın 17-də münaqişədə fərqli tərəfləri dəstəkləyən Ankarayla Moskva danışıqların yeni raundunu başladır.
Rusiyanın raket zərbələri ilə dəstəklədiyi Suriya hökumət qüvvələri fevralın 16-da ölkənin Hələb vilayətində xeyli irəli gediblər, üsyançıların əlində olan regionun böyük hissəsini tutublar.
Al-Assad-ın devrilməsini istəyən üsyançıları dəstəkləyən Türkiyə Rusiyanı İdlib regionunda hücumları dayandırmağa çağırıb, xəbərdarlıq edib ki, Suriya qüvvələri ayın sonunadək geri çəkilməsələr, onları çıxarmaqdan ötrü hərbi gücə əl atacaq.
Fevralın 16-a axşama yaxın rejim qüvvələri “2012-ci ildən bəri ilk dəfə olaraq Hələb ətrafındakı kənd və kiçik şəhərlərin hamısına nəzarəti ələ alıblar”, – Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı bildirib.
BMT-nin məlumatına görə, dekabrdan bəri 800 min nəfər ərazidəki atışmalar səbəbindən evindən didərgin düşüb.