Azərbaycanda koronavirusa yoluxanların sayı 19-a çatıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Azərbaycan İranla sərhədi daha 2 həftə bağlı olacaq

Daha 4 Azərbaycan vətəndaşında koronavirus aşkarlanıb.

Bu barədə Azərbaycan Nazirlər Kabinetinin yanında operativ qərargah bu gün, martın 13-də məlumat yayıb.

Məlumatda yazılıb ki, İran və İtaliyadan qayıdan dörd nəfər Azərbaycan vətəndaşında koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb: «Həmin şəxslər xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş, hazırda onların səhhəti normaldır, müalicələri ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Bundan əvvəl xüsusi rejimli xəstəxanalara yerləşdirilmiş 1938-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşının səhhəti stabil ağır olaraq qalır. Xəstə ciddi nəzarət altında saxlanılır və müalicəsi ilə bağlı zəruri tədbirlər görülür. Koronavirus infeksiyası aşkarlanmış digər şəxslərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, onların səhhəti ciddi nəzarət altında saxlanılır».

Dünən, martın 12-də isə Azərbaycanda koronavirusa yoluxmuş bir şəxsin vəfat etdiyi açıqlanmışdı.

Bununla bu virusa ölkədə yoluxanların sayının 19-a çatdığı açıqlanıb. Onlardan birinin öldüyü, üçün isə sağalaraq evlərinə buraxıldığı bildirilir.

Sizin brauzer HTML5-i dəstəkləmir

Karantində saxlananların etirazı aksiyası

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Bir müddət sonra bu virus Azərbaycanın qonşusu - İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb. Bundan sonra bir sıra ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan bir qədər gec - yalnız fevralın 29-da İranla dövlət sərhədlərinin ikihəftəlik məhdudlaşdırıcı rejim əsasında bağlanmasına qərar verib. Bu müddət sonra da daha iki həftə uzadılıb.

Hazırda, əsasən, İran və İtaliyadan qayıdan yüzlərcə şəxsin koronavirus şübhəsi ilə Azərbaycanda karantinə alındığı söylənir.

Son bir neçə ayda dünyada bu virusdan 5 min civarında şəxsin vəfat etdiyi bildirilir. Bu virusdan ölüm hallarına Çindən sonra daha çox İtaliya və İranda rast gəlindiyi vurğulanır.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayının isə 137 minə çatdığı bildirilir.