15 nəfərdə də koronavirus aşkarlanıb

Sizin brauzer HTML5-i dəstəkləmir

Bakıda küçələr yuyulur, dezinfeksiya edilir

Azərbaycanda 15 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb.

Bu barədə bu gün, martın 24-də Nazirlər Kabineti yanında Operativ qərargahdan məlumat yayılıb. Qurumdan verilən məlumata görə, hazırda Azərbaycanda xüsusi rejimli xəstəxanalara yerləşdirilən 76 nəfər aktiv koronavirus xəstəsi həkim nəzarəti altındadır: «Onlardan 6 nəfərinin vəziyyəti orta ağır qiymətləndirilir, digərləri isə özlərini normal hiss edirlər, səhhətləri stabildir. Pasiyentlərin müalicəsi ilə bağlı zəruri tədbirlər davam etdirilir. Ölkədə koronavirus infeksiyasının yayılmasının qarşısının alınması və infeksiyaya yoluxma hallarının müəyyənləşdirilməsi məqsədilə müxtəlif xəstəxanalarda yaradılmış karantin zonalarında 2126 nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər görülür. Koronavirusa yoluxma halları həm Azərbaycana xaricdən gələn şəxslər sırasında, həm də ölkə daxilində insanların bir-birini yoluxdurması faktları üzrə aşkarlanır».

Açıqlamada vurğulanıb ki, infeksiyasının yayılmasına yol verməmək üçün hər bir şəxs gigiyena qaydalarına, Ümumdünya Səhiyyə Təşkilatının, Nazirlər Kabineti yanında Operativ qərargahın tələb və tövsiyələrinə ciddi riayət etməlidir.

Azərbaycanda indiyə qədər rəsmi şəkildə 87 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı bir neçə min şəxsin karantində saxlandığı açıqlanıb.

Sizin brauzer HTML5-i dəstəkləmir

Koronavirus: Stresslə necə mübarizə aparmalı

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 16 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda da qərar qəbul edib. Martın 20-dən 29-na qədər isə Azərbaycanda Novruz bayramı ilə bağlı qeyri-iş günləridir. Bu gün - martın 24-dən etibarən isə Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.