Azərbaycanla İran arasında sərhədin məhdudlaşdırıcı rejim əsasında bağlanması barədə qərarın müddəti aprelin 20-dək uzadılır.
Bu barədə bu gün, martın 25-də Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb. «Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dövlət sərhədinin məhdudlaşdırıcı rejim əsasında müvəqqəti bağlanması haqda qərarın müddəti aprelin 20-dək uzadılır», - açıqlamada yazılıb.
Azərbaycanla İran arasında yük maşınlarının hərəkətinə isə qadağa qoyulmadığı bildirilir. Bu iki ölkə arasında sərhədin məhdudlaşdırıcı rejim əsasında bağlanması fevralın 29-dan başlanıb. Qərar əvvəlcə iki həftəlik verilib, sonra uzadılıb.
Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus Azərbaycanın qonşusu İranda da özünü kəskin şəkildə göstərməyə başlayıb. Onda bir sıra qonşu ölkələr İranla sərhədi bağlayıb. Azərbaycan isə bu addımı qonşu ölkələrdən bir neçə gün sonra atıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Xatırlama
İndiyə qədər bu virusdan dünyada 19 minə yaxın şəxsin vəfat etdiyi bildirilir. Azərbaycanda isə rəsmi şəkildə 87 şəxsdə koronavirus aşkarlandığı açıqlanıb. Onlardan 10 nəfərinin sağalıb evlərinə buraxıldığı, bir nəfərin isə öldüyü deyilir. Üstəlik, hazırda Azərbaycanda bu virusa yoluxma təhlükəsi ilə bağlı bir neçə min şəxsin karantində saxlandığı açıqlanıb.
Son həftələr dünyada bu virusla bağlı bir sıra məhdudlaşdırıcı tədbirlər görülür. Martın 14-dən Azərbaycanda da bir ay ərzində bütün kütləvi tədbirlər ləğv edilib. Ticarət, turizm, ictimai iaşə və başqa sahələrdə xüsusi iş rejimləri tətbiq olunub. Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər də dayandırılıb. Operativ qərargah bəzi dövlət qurumlarının əməkdaşlarının martın 29-dan aprelin 29-dək əməkhaqqı saxlanılmaqla növbədənkənar məzuniyyətə göndərilməsi haqda da qərar qəbul edib. Martın 20-dən 29-na qədər isə Azərbaycanda Novruz bayramı ilə bağlı qeyri-iş günləridir. Dünən - martın 24-dən etibarən isə Azərbaycanda xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alır.