ATƏT Azərbaycanın dezinformasiya qanunundan narahatdır

Karikatura

ATƏT-in media hüquqları qanadı Azərbaycanda koronovirusla bağlı dezinformasiyanın yayılması ilə mübarizə məqsədilə qəbul olunmuş qanundan narahatlıq bildirib.

“Fövqəladə səhiyyə vəziyyətində saxta informasiya ilə mübarizənin gərəkdiyini tam anlayıram”, – ATƏT-in Media Azadlığı üzrə təmsilçisi Harlem Desir martın 25-də deyib.

Amma Desir vurğulayır ki, Azərbaycanın informasiya qanununa dəyişiklik “jurnalistlərin fəaliyyətini, onların pandemiya barədə informasiya vermək qabiliyyətini əngəlləməməlidir”.

“Media bu vəziyyətdə ictimaiyyətə vacib informasiya verilməsində, böhranla bağlı ‘saxta xəbərlərlə’ mübarizədə vacib rol oynayır”, – Desir deyib.

Buna da bax: Azərbaycanda koronavirusa yoluxan daha bir nəfər ölüb

Azərbaycan parlamenti dəyişikliyi martın 17-də qəbul edib. Dəyişiklikdə deyilir ki, istənilən İnternet informasiya resursunun sahibi onlayn saxta informasiyanın yayılmasını önləməlidir. Buraya “əhalinin həyatına, səhhətinə və əmlakına, yaxud ictimai təhlükəsizliyə”, eləcə də “həyat təminatı, maliyyə, nəqliyyat, kommunikasiya, sənaye, enerji, sosial infrastruktur obyektlərinə” təhdid yaradan informasiya daxildir.

Deşir deyir ki, qanunvericiliyin əhatə dairəsi çox genişdir, çünki koronovirus pandemiyasına aid olmayan informasiyanın dərcini belə əhatələyir.

Deputatlar nədən narahatdır

Qeyd edək ki, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanuna təklif edilən dəyişiklik martın 17-də parlamentin iclasında səsverməyə çıxarılaraq qəbul edilib.

Sizin brauzer HTML5-i dəstəkləmir

Polis Facebook-da koronavirus statuslarına görə xəbərdarlıq edir

MM-in İnsan hüquqları komitəsinin sədri Zahid Oruc iclasda deyib ki, “bu gün əhalini təşvişə salan əsas məsələlərdən biri xəstəxanalar, tibb müəssisələri, prokurorluq orqanlarını gözdən salmaq üçün yayılan yalan informasiyalardır”. O, sözügedən dəyişikliklərin qətiyyən azad mediaya qarşı yönəlmədiyini vurğulayıb. “İnformasiya aləmində informasiya viruslarını ifadə etmək üçün yeni terminlər meydana çıxıb. Bu problemin aradan qaldırılması üçün kriminallaşdırma ilə bağlı tədbirlər mövcuddur”, – deputat əlavə edib.

Bəzi digər deputatlar da dəyişiklikləri dəstəkləyib. Deputat Hikmət Babaoğlu bu gün informasiya məkanını təhdid edən əsas təhlükə mənbəyinin sosial şəbəkələr olduğunu bildirib: “Bununla bağlı qanunvericilik bazasını təkmilləşdirməliyik”.

Bir neçə gün öncə Toplum TV-nin Əminə Məmmədova polisə aparıldığını, Facebook səhifəsində koronovirusla bağlı posta görə ona xəbərdarlıq olunduğunu, statusunu pozaraq üzr istəməyə məcbur edildiyini bildirib.

Ekspertlər bu qanunun alternativ düşüncə sahiblərinə qarşı yönəldiyini söyləyir.