İran martın 26-da koronovirusdan 157 nəfərin vəfat etdiyini açıqlayıb. Bununla da rəsmi ölü sayı 2 min 234-ə çatıb. Ölkəiçi səyahətlərə qadağa qoyulub.
Səhiyyə Nazirliyinin sözçüsü Kianush Jahanpur mətbuat konfransında deyib ki, son 24 saat ərzində rekord sayda - 2 min 389 yeni yoluxma qeydə alınıb və bununla da açıqlanmış yoluxmaların sayı 29 min 406-ya çatıb.
Jahanpur deyib ki, yeni koronavirus və ona yoluxma səviyyəsi İranda “davamlı şəkildə artmaqdadır”.
***
İran koronavirusun ikinci dalğasından qorxur
İran koronovirus pandemiyasının ikinci dalğasıyla üzləşə bilər. Bunu hökumətin sözçüsü dünən – martın 25-də deyib. Qeyd edək ki, İran Novruz bayramı günlərində daxili səyahəti, parklarda ənənəvi tədbirləri qadağan etmişdi.
“Təəssüf ki, iranlıların bəziləri səhiyyə rəsmilərinin məsləhətini qulaqardına vurub, Novruz günlərində səyahətə çıxıb... Bu, koronovirusun ikinci dalğasına səbəb ola bilər”, – dövlət televiziyası Ali Rabiei-yə istinadla bildirir.
Onun sözlərinə görə, Prezident Hassan Rohani şəhərlər arasında yeni səfərləri yasaqlayıb və “pozuntuya yol verənlərlə hüququ mübarizə aparılacaq”.
İranda indiyədək koronavirusdan 2 min 77 nəfər vəfat edib. Son 24 saat ərzində 143 yeni ölüm halı qeydə alınıb. Açıqlamanı Səhiyyə Nazirliyinin rəsmisi Kianush Jahanpur dünən verib.
Buna da bax: Azərbaycan-İran sərhədinin bağlanma müddəti uzadıldıRəsmilər iranlıların evdə qalmaq çağırışlarını gözardı etməsindən, Novruz səyahətlərini təxirə salmamasından gileylənirlər.
“Yeni plan sərtdir, səyahətlərə çətinliklər və məhdudiyyətlər yaradacaq, səyahətə gedənləri tezliklə evlərinə qayıtmağa məcbur edəcək”, – Rohani dövlət televiziyası ilə çıxışında deyib.
Rohani bildirib ki, ölkə boyunca 27 min adamın yoluxduğu koronavirusun qarşısını almaq üçün əlavə məhdudiyyətlər qoyulacaq. İndiyədək hökumət İran şəhərlərində karantin tətbiq etməyib.
Təbiət günündə parklar bağlı olacaq
Prezident məhdudiyyətlərin aprelin 1-nə düşən Sizdah Bedar – Təbiət Günü toplantılarına da aid ediləcəyini vurğulayıb. Həmin gün iranlılar adətən piknikə gedirlər.
Buna da bax: Rohani: ABŞ əvvəlcə sanksiyaları qaldırsın...“Bu sərt qərarlar həyatları qorumaq üçün vacibdir. Bütün parklar bağlanacaq, Sizdah Bedar əvvəlki illərdəki kimi olmayacaq, ancaq bunu etməkdən başqa seçimimiz yoxdur”, – Rohani deyib.
Hökumət iranlıları ictimai yerlərə getməməyə, evdə qalmağa çağırıb. Məktəblər, universitetlər, mədəniyyət və idman mərkəzləri müvəqqəti bağlanıb.
Rohani yeni tədbirləri 15 günlüyə, aprelin 4-dək tətbiq olunacağını sözlərinə əlavə edib.
Qum, Tehran və yoluxma hallarının aşkarlandığı digər şəhərlərdə küçələr, məbədlər, parklar, zibil qabları, ictimai tualetlər, marketlər dezinfeksiya olunur.
Hakimiyyət ölkədə ilk yoluxma və iki ölüm halını fevralın 19-da açıqlayıb. Prezident daxil olmaqla, ölkə rəsmiləri bir çox iranlıların hökumətin pandemiya ilə mübarizəsindən narahatlığını rədd edir, böhranı üstələmək üçün gərəkən bütün tədbirlərin görüldüyünü bildirirlər.