İtaliyalı tenor Andrea Bocelli boş Milan Kilsəsində solo pasxa konserti verib. İnternetlə canlı yayımlanan konserti koronavirus pandemiyasına görə karantində yaşayan milyonlarla adam izləyib.
Aprelin 12-də Milandakı Duomo kilsəsindən YouTube ilə canlı yayımlanan konsert indiyədək 23 milyondan çox izlənib.
“Canlı yayımlanan, milyonları bir araya gətirən musiqi vasitəsilə biz Yer kürəsinin bu döyünən yaralı ürəyini qucaqlayacağıq”, – dünyanın ən məşhur tenorlarından olan Bocelli konsertdən qabaq mesajında deyib.
İtaliya dünyada Covid-19 pandemiyasından ən çox əziyyət çəkmiş ölkələrdəndir. İndiyədək ölkədə 20 minədək insan koronovirusdan dünyasını dəyişib. Onlardan 9 mindən çoxu Milanın paytaxtı olduğu Lombardiya regionunun payına düşür.