Gürcüstan hökuməti koronovirusun yayılmasını nəzarətdə saxlamaqdan ötrü dörd şəhəri təcrid etmək qərarı verib.
Baş nazir Giorgi Gakharia aprelin 14-də jurnalistlərə deyib ki, hökumət paytaxt Tbilisi, eləcə də Rustavi, Batumi və Kutaisi şəhərlərini 10 gün ərzində təcrid edir.
Gakharia-nın sözlərinə görə, bir gün ərzində 30 nəfərdə koronavirus aşkarlandıqdan sonra bu qərar verilib.
“Aprelin 15-də axşam 9-dan bu şəhərlərə giriş-çıxış qadağan olunur”, – Gakharia vurğulayıb.
Buna da bax: Ermənistan fövqəladə vəziyyəti uzadır, Serbiya…Baş nazir onu da deyib ki, hökumət martın 21-dən bir aylığa elan olunmuş fövqəladə vəziyyəti uzatmaq təklifini irəli sürəcək.
“Prezident Salome Zurabishvili-dən xahiş edəcəyik ki, parlamentə fövqəladə vəziyyəti mayın 10-dək uzatmağı təklif etsin, biz də virusun yayılmasını yavaşıtmaq üçün növbəti addımlarımızı müəyyənləşdirək”, – Gakharia bildirib.
Parlamentin spikeri Mamuka Mdinaradze baş nazirin mətbuat konfransından sonra deyib ki, deputatlar fövqəladə rejimin mümkün uzadılmasını aprelin 21-də, ya 22-də müzakirə edəcəklər.
Mdinaradze parlamentdəki hakim çoxluğun təklifi dəstəkləyəcəyini söyləyib.
Gürcüstan səhiyyə orqanlarının aprelin 15-də verdiyi məlumata görə, ölkədə 306 nəfər koronavirusa yoluxub, onlardan üçü vəfat edib.