30 yeni yoluxma, 2 ölüm

808 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir

Son gündə Azərbaycanda 30 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb, 56 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb. Məlumatda qeyd edilib ki, virusa yoluxanlardan 2 nəfər də vəfat edib: "COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Onlardan 1946-cı il təvəllüdlü şəxsin xronik ürək çatışmazlığı, 1961-cı il təvəllüdlü digər şəxsin isə limfoleykoz xəstəliyi olub".

Qərargahın habelə vurğulamasına görə, hazırkı dövrədək Azərbaycanda 1283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib: "Onlardan 460 nəfəri müalicə olunaraq sağalıb, 15 nəfər vəfat edib, 808 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".

Xatırlatma

Ötən ilin sonunda Çində yeni koronavirus aşkar edilib. Sonra bu virus sürətlə dünyanın əksər ölkələrinə yayılıb. Son bir neçə ayda dünyada bu virusdan 135 mindən çox şəxsin vəfat etdiyi bildirilir.

Martın 14-dən, əksər ölkələr kimi, Azərbaycanda da kütləvi tədbirlər ləğv edilib (Azərbaycanda bir ay ərzində ). Habelə, martın 3-dən aprelin 20-nə qədər orta və ali məktəblərdə dərslər dayandırılıb. Sonra martın 24-dən aprelin 20-nə kimi ölkədə xüsusi karantin rejimi elan edilib. Bu rejimdə 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına icazə verilməməsi və başqa hallarla bağlı qadağalar yer alıb. Aprelin 5-dən isə xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub. Bu qaydaya görə, dövlət əhəmiyyətli sahələrdə çalışanlardan başqaları yalnız tibbi zərurət yarananda, mağazaya, aptekə gedəndə evdən çıxa bilər. Bundan ötrü isə onlar 8103 nömrəsinə SMS göndərməlidirlər.