Səudiyyə Ərəbistanında yeniyetmə qanun pozucularına ölüm hökmü kəsilməsi dayandırılır. Bunu ölkənin insan haqları komissiyası aprelin 26-da, Kral Salmanın fərmanına əsasən bildirib
Bu xəbərdən iki gün öncə isə Səudiyyə məhkəməsinin çıxardığı qərarla şallaq cəzası cərimə, yaxud həbslə əvəzlənib.
Səudiyyə Ərəbistanı edamlara görə dünyada öncül yerlərdədir. İndiyədək cinayət işlədəndə yaşı 18-dən az olanlar da edam olunurdu.
Krallıq 1996-cı ildə BMT-nin Uşaq Hüquqları Konvensiyasını ratifikasiya edib. Sənəddə yeniyetmələrin edamı qadağan olunur.
Komissiyanın prezidenti Awwad Alawwad-ın bildirməsinə görə, yeniyetmələr edam əvəzinə 10 ilədək həbsə məhkum olunacaqlar.
Fərmanın nə vaxt qüvvəyə minəcəyi bəlli deyil.
Kral Salmanın 84 yaşı var. Amma 2017-ci ildən bəri krallığı faktiki onun oğlu, Vəliəhd Şahzadə Mohammed bin Salman idarə edir. Mərkəzi Kəşfiyyat İdarəsinin gəldiyi qənaətə görə, o, 2018-ci ildə ABŞ-da yaşayan səudiyyəli dissident və jurnalist Jamal Khashoggi-nin İstanbuldakı konsulluqda qətlinə göstəriş verib.