Dünya Antidopinq Agentliyi (WADA) 300-dək rusiyalı atletlə bağlı araşdırmanı tamamlayıb. Onlardan yarıdan çoxundan götürülən nümunələrdə manipulyasiyaya yol verildiyi üzə çıxıb.
WADA aprelin 30-da yaydığı bəyanatında bildirib ki, 298 atletlə bağlı işləri 28 antidopinq təşkilatına təqdim edib. 145 atletlə bağlı maxinasiyaya əl atıldığı qeyd olunub.
WADA deyir ki, müvafiq beynəlxalq təşkilatlar hər bir dopinq halı üzrə hansı tədbirin görüləcəyinə qərar verəcək. Qurum həmçinin dopinqə qarşı tədbir “məntiqli zaman çərçivəsində” görülməzsə, işləri idman arbitrasiya məhkəməsinə çıxarmaq variantının qaldığını da bildirib.
WADA təhqiqatçıları 2019-cu ildə Moskva laboratoriyasından əldə etdikləri kompüter arxivindən 25 terabaytlıq data və minlərlə nümunəni yoxlayıblar.
Agentlik Rusiyanın data arxivilə manipulyasiya etdiyini, bu üzdən çətinliklə üzləşdiyini deyib. Qurumun prezidenti Witold Banka bildirib ki, təhqiqatçılar Rusiyanın manipulyasiya cəhdlərini araşdıracaqlar.
2014-cü ildə Soçi Qış Olimpiadası zamanı Rusiyanın medal sayını artırmaq üçün dövlət səviyyəsində irimiqyaslı dopinq əməliyyatı apardığı iddia olunur. 2019-cu ildə WADA Rusiyanı dörd illiyə böyük beynəlxalq idman tədbirlərindən uzaqlaşdırıb.
Moskva isə iddiaları təkzib edir.