ABŞ Prezidenti Donald Trump deyir ki, “ilin sonunadək” ölkəsində koronavirus vaksininin hazır olacağına inanır. Amma səhiyyə rəsmiləri təhlükəsiz vaksinin hazırlanması, sonradan onun böyük miqdarda istehsalının azı bir il çəkəcəyini deyirlər.
“İlin sonunda, ilin sonunadək vaksini əldə edəcəyimizə inanırıq”, – prezident mayın 3-də axşam Vaşinqtondakı Linkoln Memorialından canlı proqramda deyib.
“İndi həkimlər deyəcəklər ki, ‘bunu deməməliydin’. Mən düşündüyümü deyəcəyəm... Məncə, vaksini o vaxtdan gec deyil, daha tez əldə edəcəyik”, – prezident vurğulayıb.
Buna da bax: Cənubi Koreya alimləri: Koronavirusa təkrar yoluxma mümkün deyil21-ci əsrdə nadir iş
Dünyanın ən böyük iqtisadiyyatında karantin və digər qadağalar ucbatından işsizlik artır, iqtisadi artım yavaşıyır. Bu il yenidən prezident seçilmək istəyən Trump isə ölkə iqtisadiyyatını açmaq planı hazırlayır.
İndiyədək Birləşmiş Ştatlarda COVID-19-a 1,1 milyondan çox təsdiqlənmiş yoluxma, 67 mindən çox ölüm qeydə alınıb.
Dünyada yüzlərlə şirkət və tədqiqat institutu koronavirus vaksini və xəstəliyin müalicəsi üzərində işləyir. Səhiyyə ekspertlərinin fikrincə, sosial məsafə və digər qadağalarsız normal həyata dönməkdən ötrü vaksin hazırlanmalıdır.
Mayın 4-də Avropa Birliyi vaksin və müalicə tədqiqatlarını maliyyələşdirmək məqsədilə onlayn konfrans keçirəcək. Maliyyə toplama kampaniyasının bir ay çəkəcəyi, iyunun 4-də Qlobal Vaksin Sammitinin keçiriləcəyi planlaşdırılır.
“Bütün dünya tərəfindən bütün dünya üçün istehsal olunan vaksin hazırlaya bilsək, bu, 21-ci əsrdə nadir yaxşı ictimai iş olar”, – AB liderləri bildiriblər.
Almaniyanın Səhiyyə naziri Jens Spahn xəbərdarlıq edir ki, virusa qarşı vaksinin hazırlanması “illər çəkə” bilər.
“Buna bir neçə aya nail olsaq, sevinərəm. Bu, illərlə də çəkə bilər, çünki digər vaksinlərdə olduğu kimi geriləmələr də ola bilər”, – Spahn vurğulayıb və insanları realist olmağa çağırıb.
Buna da bax: Koronavirusa inanmayanlar 5G qülləsini yandırıblarABŞ vaksini təkbaşına hazırlayarsa...
Tədbir Dünya Səhiyyə Təşkilatı (DST) ilə birgə keçirilir. Birləşmiş Ştatların bu təşəbbüsün maliyyələşdirilməsində iştirakı gözlənilmir. Trump DST-ni pandemiyaya ləng reaksiya verməkdə, Çinə daha çox diqqət ayırmaqda ittiham edib, quruma maliyyə vəsaiti ayrılmasını dayandırdığını açıqlayıb.
ABŞ həm də Çinin koronavirusa reaksiyasını tənqid edir. Birləşmiş Ştatların vaksini təkbaşına hazırlamağa cəhd göstərməklə bu yöndə qlobal işlərə zərbə vuracağı sarıdan narahatlıq var.
Dünyada pandemiyaya 3,5 milyon yoluxma, 247 min ölüm halı qeydə alınıb.
ABŞ-da bəzi ştatlar karantini artıq yumşaltmağa başlayıblar. Trump mayın 3-də deyib ki, həyatları riskə atmadan iqtisadiyyat təkrar açıla bilər. O, ölü sayının 80 min – 90 minə çata biləcəyini də proqnozlaşdırıb. Ötən həftəsə 70 min rəqəmini səsləndirmişdi.
Avropanın bəzi yerlərində də koronavirus qadağaları ehtiyatla yumşaldılır. Dünyada yoluxma və ölü sayına görə ikinci yerdə olan İtaliyada mayın 4-də 4 milyon insan işə qayıtmağa hazırlaşır. Son həftələr yoluxma, ölü sayı azalıb.
Virusdan 25 minə yaxın insanın öldüyü Fransa, 28 mindən çox insanın dünyasını dəyişdiyi Britaniya isə hələ də karantin altındadır, rəsmiləri pandemiyanın artıq pik səviyyəyə çatdığını deyirlər.