BMT ekspertləri deyirlər ki, Vagner özəl təhlükəsizlik firmasının muzdluları Liviyada komandir Khalifa Haftar-ın paytaxt Tripolini ələ keçirməsinə kömək edirlər.
Liviyaya sanksiyaların monitorinqini aparan BMT panelinin hazırladığı hesabatı haqda mayın 6-da The Associated Press, AFP və Reuters agentlikləri yazıb.
Hesabata görə, bu kölgə qrupunun Liviyada 800-1200 hərbi kontraktoru, onların sırasında snayperlər, ixtisaslaşmış hərbi dəstələr də var.
Vagner şirkətinə Kremlə bağlı rusiyalı maliyyəçi Yevgeny Prigozhin nəzarət edir. Şirkətin Prezident Vladimir Putinə bağlı olduğu, Ukraynada, Suriyada, Afrika ölkələrində münaqişələrdə iştirak etdiyi bildirilir.
2011-ci ildə Liviya diktatoru Muammar Qaddafi öldürüləndən ölkədə vətəndaş müharibəsi davam edir. Şərq hissəyə Haftarın “Liviya Milli Ordusu” nəzarət edir. Tripolidə isə beynəlxalq ictimaiyyətin dəstəklədiyi Milli Razılıq Hökuməti təsis olunub.
BMT paneli Vagner-in 2018-ci ilin oktyabrından Liviyada iştirak etdiyini müəyyənləşdirir. Hesabatda deyilir ki, Milli Razılıq Hökumətinə bağlı qüvvələr Vagner-in Ukraynanın şərqində, Suriyada işlətdiyi silahların oxşarını ələ keçiriblər. Vagner-in Rusiya ordusununku kimi silahlardan istifadə etdiyi bildirilir.
Tripoli hökumətini Türkiyə, Qətər və İtaliya dəstəkləyir.
BMT ekspertləri Vagner kontraktorlarının əsasən Rusiyadan gəldiklərini, amma aralarında Belarus, Moldova, Serbiya və Ukraynadan döyüşçülərin də olduğunu bildirir.