Birləşmiş Ştatlar Rusiyanı Liviyada münaqişəni qızışdırmaqda, liviyalı komandir Khalifa Haftar-ın paytaxt Tripolini almaq uğrunda savaşında ona muzdlularla kömək etməkdə ittiham edir.
Bu barədə mayın 7-də Dövlət Departamenti rəsmiləri çıxış ediblər. Bir gün öncə isə BMT hesabatında Rusiyanın Vagner Qrupunun Haftar-ın Liviya Milli Ordusunda 800-1200 suriyalı hərbi muzdluyla təmsil olunduğunu təsdiqləyib. Bu ordu Liviyanın şərqinə nəzarət edir.
Rusiyanın Haftara dəstəyi “Liviyada münaqişəni əhəmiyyətli dərəcədən qızışdırıb, humanitar vəziyyəti pisləşdirib”, – Dövlət Departamentində Rusiya ilə məşğul olan Chris Robinson deyib.
Vagner qrupunu “çox vaxt yanlış olaraq Rusiyanın özəl təhlükəsizlik şirkəti adlandırırlar, amma əslində o, Rusiya hökumətinin əlində bir alətdir və Kreml ondan öz məqsədlərini həyata keçirməkdən ötrü ucuz başa gələn, az risk yaradan alət kimi istifadə edir”, – Robinson jurnalistlərə deyib.
BMT-nin hesabatına deyilirdi ki, 2020-ci ilin əvvəlindən Rusiya şirkəti Liviyada vuruşmaq üçün suriyalıları yığır.
ABŞ-ın Suriya üzrə xüsusi elçisi Jim Jeffrey jurnalistlərə deyib ki, Birləşmiş Ştatlar Rusiyanın Suriya Prezidenti Bashar al-Assad ilə birlikdə işləyərək Liviyaya döyüşçü və avadanlıq göndərdiyinə inanır.