13 saylı Cəzaçəkmə Müəssisəsində 28 məhbusda koronavirus aşkarlandığı iddia olunur. Həmin müəssisədə cəza çəkən Beynəlxalq Bankın keçmiş̧ rəhbəri Cahangir Hacıyevin bacısı Əminə Hacıyeva prezidentə məktubunda bu barədə yazır və qardaşının xilası üçün prezident İlham Əliyevdən kömək istəyir.
Mayın 11-də prezidentə müraciətində Ə.Hacıyeva iddia edir, bugünlərdə müəssisədə məhkumlar arasında koronavirusa yoluxma halının olub-olmadığını müəyyənləşdirməkdən ötrü test keçirilib. 28 məhbusda testin nəticəsi müsbət olub və onları müəssisədən çıxarıb aparıblar.
Ə.Hacıyeva deyir ki, virusa yoluxanların aparılmasından sonra da təhlükə aradan qalxmayıb: "O müəssisədə şərait çox ağırdır. Təsəvvür edin, 50 kvadratmetrlik yerdə 60 məhbus saxlanılır. Orada məhkumlar arasında vərəm, hepatit, QİÇS və başqa xroniki xəstələr çoxdur. Müəssisədəki bu təhlükəli durum digər məhbus ailələri kimi, məni də bacı olaraq, narahat edir".
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə 13 saylı Cəzaçəkmə Müəssisəsində məhkumların virusa yoluxması haqda məlumatları təkzib edib. Şöbə rəisi AzadlıqRadiosuna bildirib ki, ümumiyyətlə, Penitensiar Xidmətin tabeliyindəki müəssisələrdə saxlanılan məhkumlar arasında belə hal yoxdur.
"Məhkumların sağlamlığı ilk növbədə Penitensiar Xidmət olaraq elə bizim özümüzün marağımızdadır", - M.Sadıqov vurğulayıb.
O, əlavə edib ki, məhkumlar arasında başqa infeksiyaların yayılması haqda iddialar da doğru deyil.
Azərbaycanda COVID-19 (koronavirus) pandemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində martın 6-dan Penitensiar Xidmətin tabeliyində olan müəssisələrdə şəxslərə sovqat çatdırılması, onların yaxınlarıyla görüşləri qadağan olunub.
Mayın 11-nə olan məlumata görə, Azərbaycanda 2519 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1650 nəfər müalicə olunaraq sağalıb, 32 nəfər vəfat edib, 837 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.