104 yeni yoluxma, 1 ölüm

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Son gündə Azərbaycanda 104 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 55 nəfər müalicə olunaraq sağalıb və bir nəfər də vəfat edib.

Bu barədə bugün, mayın 12-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda qeyd edilib ki, öldüyü bildirilən şəxs koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxan, arterial hipertoniya və şəkərli diabet xəstəliyi olan 1943-cü il təvəllüdlü ölkə vətəndaşıdır: "Hazırkı dövrədək ölkəmizdə 2693 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1735 nəfər müalicə olunaraq sağalıb, 33 nəfər vəfat edib, 925 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 42 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".

Qərargahın açıqlamasına görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 202 min 282 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 4 milyon 287 min 44 şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 288 min 238 şəxsin vəfat etdiyi açıqlanıb.