65 yeni yoluxma və iki ölüm

934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Son gündə Azərbaycanda 65 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 54 nəfər müalicə olunaraq sağalıb və iki nəfər vəfat edib.

Bu barədə bugün, mayın 13-də Azərbaycan Nazirlər Kabineti yanında Operativ qərargah məlumat yayıb.

Məlumatda yazılıb ki, həmin vəfat edən şəxslər koronavirus (COVID-19) üçün götürülən analiz nümunələri müsbət çıxan 1949 və 1961-ci il təvəllüdlüdür: "Hazırkı dövrədək ölkəmizdə 2758 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 1789 nəfər müalicə olunaraq sağalıb, 35 nəfər vəfat edib, 934 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 30 nəfərin vəziyyəti ağır, 44 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir".

Qurumdan vurğulandığına görə, ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar Azərbaycanda 208 min 546 test aparılıb.

Xatırlatma

2019-cu ilin sonlarında Çində yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 4 milyon 363 min şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 293 min şəxsin vəfat etdiyi açıqlanıb.