Əli Kərimlinin mühafizəçisinə 15 sutka

R.Əmirov

Bugün, mayın 29-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olduğu bildirilən Ruslan Əmirovun Qaradağ Rayon Məhkəməsinin qərarı ilə inzibati qaydada 15 sutka həbs edildiyi deyilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, dünən, mayın 28-də saxlanılan R.Əmirov İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.

AXCP-dən bildirilib ki, R.Əmirovun həbsi partiyaya və onun fəallarına qarşı aparılan təzyiq kampaniyasının davamıdır.

Bu açıqlamaya, hələlik, Qaradağ Rayon Məhkəməsi və Daxili İşlər Nazirliyindən münasibət almaq mümkün olmayıb. Amma rəsmilər, bir qayda olaraq, müxalif fəallara təzyiqlərin edilməsi ilə bağlı fikirləri qəbul etmirlər.

AXCP sədrinin ictimai əsaslarla daha iki mühafizəçisinin isə Cinayət Məcəlləsi ilə ittiham edildiyi deyilir. Onlardan Niyaməddin Əhmədov terrorçuluğu maliyyələşdirməkdə, Səid Məmmədzadə (Bakuvi) isə xuliqanlıqda ittiham edilərək həbs olunublar. AXCP onlara qarşı ittiham siyasi sifarişli, qurama sayır.

Rəsmilər isə ölkədə insanların siyasi sifarişlə həbs olunması ilə bağlı açıqlamaları qəbul etmirlər.

Əli Kərimlinin mühafizəçisinin saxlandığı deyilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi olduğu bildirilən Ruslan Əmirovun saxlandığı deyilir.

Bu barədə AzadlıqRadiosuna AXCP-dən məlumat verilib.

Məlumata görə, R.Əmirov Masallı rayonunda saxlanıb: "Günorta saatlarında onu paltar bazarında sahə müvəkkilinin maşınına mindiriləndə görüblər. Bundan sonra Ruslan Əmirovla əlaqə saxlamaq mümkün olmayıb. Çox güman ki, həbs edilib".

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

R.Əmirov daha öncə də - aprelin 9-da azyaşlı övladını həkimə apararkən saxlanmış və həmin gün İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə 30 sutka inzibati qaydada həbs olunmuşdu. (Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin rejimi elan edilib)