Formula-1 builki mövsüm üçün daha üç yarışı ləğv edib, Azərbaycan Qran-Prisi də bu sıradadır.
Yarışların təşkilat komitəsi iyunun 12-də yaydığı bəyanatda bildirib ki, logistika səbəblərindən Sinqapur və Yaponiya qran priləri ilə yanaşı Azərbaycanda planlaşdırılan turnir də ləğv olunur.
“Bu qərarlar həmin ölkələrdəki təmsilçilərimizin üzləşdiyi fərqli problemlərlə əlaqədar verilib”, – bəyanatda deyilir.
“Sinqapurda və Azərbaycanda küçə halqalarının tikintisinə tələb olunan zaman qeyri-müəyyənlik dövründə yarışmanın keçirilməsini mümkünsüz edib. Yaponiyada isə davam edən səyahət qadağaları yarışmanı keçirməmək qərarıyla sonuclanıb”, – bəyanatda deyilir.
Buna da bax: Formula-1 yarışı iyulda Avstriyada keçirilə bilər, amma bir şərtləBu ayın əvvəlində 2020-ci il mövsümü üçün yenilənmiş Formula-1 təqvimi açıqlanmışdı. Avstriya Qran- Prisi iyulun birinci həftəsonu başlamalıdır.
Yarış təmsilçiləri təqvimin qalan hissəsi üzərində işləyirdilər. F1 bəyanatında bildirir ki, “mövsüm dekabrın ortasında Əbu-Dabidə yekunlaşanadək 15-18 oyunun keçiriləcəyindən əmindir”.
Azərbaycanda Formula-1 yarışları 2016-ci ildən keçirilir.
Tərəflər arasında razılaşmaya əsasən, Azərbaycan bu yarışlara 2023-cü ilə qədər ev sahibliyi etməlidir.
Rəsmilər Azərbaycanda Formula-1 yarışlarına ümumilikdə çəkilən xərcləri açıqlamır. Müxalifət isə bundan narazılıq edir.