Bu gün, iyulun 16-da səhər saatlarından Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində yenidən vəziyyətin gərginləşdiyi bildirilir.
Bu barədə Azərbaycan Müdafiə Naziriyinin yaydığı məlumatda bildirilir.
Verilən məlumata görə, Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycanın mövqelərinə yenidən hücum cəhidi olub. Qeyd edildiyinə görə, rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub.
Məlumatda əlavə edilir ki, mülki əhali arasında xəsarət alan yoxdur.
“Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır”, - deyə məlumatda vurğulanır.
Nazirlik bu barədə ictimaiyyətə əlavə məlumat veriləcəyini bildirir.
AzadlıqRadiosunun Ermənistan xidməti isə yazır ki, Ermənistan ordusu Tavuş rayonunun şimalındakı sərhəd postlarına Azərbaycanın səhər erkən reydinin qarşısını alıb. Müdafiə Nazirliyinin sözçüsü Shushan Stepanian-nın bildirməsinə görə, Müdafiə naziri Davit Tonoyan ATƏT missiyasının rəhbəri Andrzej Kasprzyk-ə zəng edərək ona son eskalasiya barədə məlumat verib. Tonoyan Kasprzyk-ə deyib ki, Azərbaycan tərəfi “xeyli itki verib”. Ermənistan tərəfdən isə itki olmadığı bildirilir.
İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Son günlər Azərbaycan tərəfi biri general olmaqla, 11 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb.Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb
Ermənistan tərəfi də dörd hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində baş verənlərə görə, Azərbaycanı ittiham edir.
Xatırlatma
1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib.
Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.
Atəşkəs razılaşması olsa da, tez-tez hər iki ölkənin qoşunlarının təmas xətlərində silahların işə düşdüyü bildirilir.