Serbiyanın Ermənistana silah satması ilə bağlı deyilənlər araşdırılır

XİN

Ermənistan silahlı qüvvələrinin Tovuz (Azərbaycan) istiqamətində hücum əməliyyatları zamanı Serbiya istehsalı olan silah-sursatlardan istifadə edilməsi ilə bağlı deyilən məsələ mahiyyəti üzrə ciddi araşdırılır.

AZƏRTAC-ın xəbərinə görə, bununla bağlı Azərbaycan Respublikasının Serbiyadakı səfirliyi açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Azərbaycan Prezidenti Administrasiyasının və Xarici İşlər Nazirliyinin müvafiq təlimatları əsasında dərhal Serbiya Prezidenti Administrasiyasına, Xarici İşlər Nazirliyinə məsələyə izah verilməsi, aydınlıq gətirilməsi məqsədilə rəsmi müraciətlər edilib.

"Hazırda Serbiya rəhbərliyinin göstərişi ilə mahiyyəti üzrə ciddi araşdırmalar aparılır və məlumat əldə edildikdən sonra ictimaiyyətə rəsmi açıqlama veriləcək", - məlumatda yazılıb.

Serbiyanın vəkili Azərbaycan XİN-ə çağırılıb

İyulun 20-də Serbiya müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) dəvət olunub.

Bu barədə iyulun 20-də Azərbaycan Xarici İşlər Nazirliyi ( XİN) açıqlama yayıb. Orada qeyd edildiyinə görə, iyulun 20-də Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Danitsa Veinoviç Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb və nazirlikdə müavin Xələf Xələfovla görüş keçirilib: "Görüşdə X.Xələfov əldə edilmiş etibarlı və təsdiqlənmiş məlumata əsasən Serbiyadan Ermənistana minomyotlar və müxtəlif kalibrli hərbi sursat da daxil olmaqla, böyük həcmdə silah-sursatın göndərildiyini qarşı tərəfə bildirib".

Buna da bax: Belqradda Heydər Əliyevin heykəli açılıb

Açıqlamaya görə, nazir müavini Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud olduğunu deyib. O bu xüsusda 2013-cü ildə iki ölkə arasında dövlət başçıları səviyyəsində dostluq və strateji tərəfdaşlığa dair bəyannamənin, 2018-ci ildə strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planının imzalandığını Serbiya müvəqqəti işlər vəkilinin diqqətinə çatdırıb.

"Serbiyanın Azərbaycandakı müvəqqəti işlər vəkili xanım Danitsa Veinoviç qeyd olunan məsələlərlə bağlı məlumatının olmadığını söyləyib, məlumatları Serbiya tərəfinə çatdıracağını vəd edib...", - açıqlamada yazılıb.

Hələlik, bu açıqlamalara Serbiyanın müvəqqəti işlər vəkilindən münasibət almaq mümkün olmayıb.

Buna da bax: Keçmiş nazirdən açıqlamalar: 'Paşinyan Rusiyanı ittiham edəcək ki...'

Xatırlatma

İyulun 12-də Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində döyüşlər başlayıb. Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında baş verənləri Ermənistanın hərbi təxribatı adlandırıb, mövqelərin nəzarət altında olduğunu deyib. Son günlər Azərbaycan tərəfi bu döyüşlərdə biri general olmaqla, 12 hərbçisini itirməsi, dörd yaralı olması barədə xəbər yayıb. Habelə, bir dinc sakinin də atəşkəsin pozulması nəticəsində öldürüldüyü açıqlanıb. Ermənistan tərəfi də bir neçə hərbçisinin ölməsi haqda məlumat yayıb. O da, öz növbəsində, baş verənlərə görə Azərbaycanı ittiham edir.

1988-ci ildə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə Qarabağ münaqişəsi başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayonu işğal edilib. Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Fransa və Rusiya həmsədr ölkələrdir.