İlin sonunadək Oksford Universiteti və AstraZeneca tərəfindən hazırlanmış koronavirus vaksini dünya üzrə əlçatan olacaq, dozası 3 dollardan da ucuz satılacaq. Bunu şirkətin baş direktoru bildirib.
“İlin sonunadək vaksini istehsal edəcəyimizə ümid edirik… hər şey yaxşı getsə, hətta bir az da tez”, – Pascal Soriot iyulun 21-də RTL-ə deyib.
Onun sözlərinə görə, məqsəd vaksini “maya dəyərinə” satmaqdır və birinin qiyməti 2,5 avro (2,8 dollar) dəyərləndirilir.
Buna da bax: Trump amerikalıları maska taxmağa çağırır
Bu həftə “The Lancet” dərgisində dərc olunmuş nəticələrə görə, vaksin adına namizəd təhlükəsizdir, immun reaksiyası doğurur. Soriot deyib ki, vaksin 1-ci və 2-ci mərhələ sınaqlarından yaxşı çıxıb, ciddi yan təsirlər verməyib.
İndi daha geniş nümunələr üzərində 3-cü sınaq aparılacaq.
“Qeyri-kommersiya” qiyməti
ABŞ-ın Johnson & Johnson şirkəti də vaksinin “qeyri-kommersiya” qiymətinə təmin olmağa boyun olub.
Digər şirkətlər – Pfizer, Merck & Co. və Moderna iyulun 21-də konqresmenləri əmin ediblər ki, vaksin satışından qazanc götürməyəcəklər.
Buna da bax: Vaksinlərdən yaxşı xəbərlər var
Merck şirkətinin təmsilçisi Julie Gerberding Nümayəndələr Palatasının altkomitəsində danışıb. Ancaq nə o, nə də Moderna-nın təmsilçisi vaksinlərin hansı qiymətə satılacağını açıqlamayıblar. Merck-in potensial vaksininin insan üzərində tədqiqatı hələ başlamayıb.
Çinin Vuhan şəhərində 500-dən çox insan üzərində aparılan sınaq isə genişmiqyaslı anticism immun reaksiyasının yarandığını göstərib. Koronavirus ötən ilin sonunda məhz Vuhanda peyda olub.
Hazırda dünya üzrə 150-dən artıq koronavirus vaksini hazırlanma mərhələsindədir, 20-dən artıq vaksin artıq insan üzərində sınaqdan keçirilir. Məqsəd pandemiyaya son qoymaq, milyardlarla insanı infeksiyadan qorumaqdır.
Birləşmiş Ştatlar vaksinlərin hazırlanmasına milyardlarla dollar xərcləyir.