İyulun 22-də Milli Mətbuat Günündə bir qrup reportyor və videobloqer Mətbuat Şurasının qarşısında aksiya keçirməyə cəhd edib.
Reportyorlar əllərində ağ kağızları tutaraq "Jurnalistika cinayət deyil", "Azad media susdurula bilməz", "Əflatun Amaşov istefa" şüarları səsləndiriblər.
Etiraz aksiyanı keçirənlərin sözlərinə görə, Mətbuat Şurası jurnalistlərin problemlərin həlli ilə məşğul olmur.
"Bu günə kimi Azərbaycanda Mətbuat Şurası heç bir müstəqil jurnalistin fəaliyyətinə olan təzyiqlərlə bağlı köməklik göstərib bir bəyanat verməyib. Biz bunu görməmişik. Bu günə qədər telefonumuz sınanda, hər hansı təzyiq olunanda Mətbuat Şurası bir qurum olaraq bizim üçün bir iş görməyib. Ən əsası pandemiya dövründə Nazirlər Kabinetin yanında Operativ Qərargah bir sıra media orqanlarında çalışan jurnalistlərin fəaliyyətini dayandıranda, məhdudlaşdırında Mətbuat Şurasının gücü çatmadı, orada bizim haqq səsimizi çatdırsın ki, jurnalistlərin fəaliyyəti dayandırıla bilməz", - deyə aksiyada qeyd edilib.
Aksiya insidentsiz başa çatıb.
Sizin brauzer HTML5-i dəstəkləmir
Mətbuat Şurasının sədri Əflatun Amaşov isə "Turan" agentliyinə deyib ki, əslində rəhbərlik etdiyi qurum elə jurnalistlərin problemləri ilə məşğuldur. "Həbsdə olan jurnalistlərə gəlincə, Mətbuat Şurası onların işlərini araşdırır", - şura sədri vurğulayıb.
Koronavirus pandemiyası ilə bağlı martın 24-dən Azərbaycanda karantin rejimi hökm sürür. İyunun 21-dən isə Bakı və ölkənin bəzi yerlərində karantin sərtləşdirilib. Əvvəllər jurnalistlərə vəsiqələrlə fəaliyyət göstərməyə imkan yaradıldığı bildirilirdi. Amma karantin sərtləşəndən sonra jurnalistlər də icaze.e-gov.az saytında qeydiyyatdan keçməlidirlər.
Xatırlatma
Bu gün, iyulun 22-də Azərbaycan milli mətbuatının 145 yaşı tamam olur.
1875-ci il iyulun 22-də Həsən bəy Zərdabi "Əkinçi" qəzetini nəşr etdirməklə milli mətbuatın əsasını qoyub.