Rusiya Prezidenti Vladimir Putin vəzifə müddəti başa çatandan sonra hakimiyyətinin ömrünü uzatmaqdan ötrü indiyədək hansı addımlar atıb? “Reuters” agentliyi vaxtilə Kremldə işləmiş mənbəyə istinadla bu məsələni araşdırıb.
İyulun 1-də referenduma çıxarılan konstitusiyaya düzəlişlərdən biri Putin-in 2024-cü ildən sonra da, 2036-cı ilədək hakimiyyətə qalmasına yol açdı. Belə ki, ölkədə prezidentlik müddətləri sıfırlandı.
Putin dövlət televiziyasına müsahibəsində deyirdi ki, əgər dəyişiklik qəbul olunmasa, iki ildən sonra hökumətin bir çox hissələrində normal iş ritmi pozulacaq, mümkün varis axtarışı başlanacaq. “Biz işləməliyik, varis axtarmamalıyıq”, – prezident vurğulayıb.
Kremlin keçmiş müşaviri Sergei Pugachev agentliyə deyib ki, Putin azı 2006-cı ildən varislik məsələsi üzərində baş sındırır. Vaxtilə Kremlin bankini kimi tanınmış Pugachev 20 il qabaq Putin-in yüksəlişində rol oynayıb. Onun hərbi tərsanələrdən tutmuş, kömür, tikinti sektorlarınadək maraqları olub, parlamentin yuxarı palatasında senator vəzifəsinə də yüksəlib. Bu gün isə keçmiş müttəfiqləri ilə münaqişə yaşayır, Rusiya hakimiyyəti onu həmtəsisçisi olduğu bankı müflisləşdirməkdə suçlayır. Pugachev iddiaları rədd edir. O, Rusiyadan Britaniyaya köçüb, hazırda isə Fransada yaşayır. London Ali Məhkəməsi 2014-cü ildə Rusiyanın xahişilə onun aktivlərini dondurub.
Buna da bax: 'Azərbaycan prezidenti siyasi müxalifəti bitirmək istəyir' – Qərb mediası
Sergei Ivanov niyə seçilmədi
Pugachev deyir ki, hakimiyyətin təhvil verilməsi Putin idarəçiliyi üçün “böyük başağrısı”na çevrilib. Putin-dən ötrü varislik “həmişə ciddi, şəxsi stress idi. O, heç vaxt ölkəyə nəzarəti kiməsə vermək fikrində olmayıb”, deyən Pugachev-in sözlərinə görə, Putin özünü Rusiyanı millətin atası kimi pərdəarxasından idarə edən kimi görüb, ancaq bu planı həyata keçirəcək varisin tapılması “həmişə böyük problem olub”.
Kremlin sözçüsü Dmitry Peskov Pugachev-in dediklərinə şərh verməyib.
Pugachev-in sözlərinə görə, Putin hakimiyyətini uzatmaq üçün qanunları dəyişməyi ilk dəfə prezidentliyinin ikinci müddətində nəzərdən keçirib.
2007-ci ilin yayında baş nazirin birinci müavini, Rusiya xarici kəşfiyyat xidmətində ən gənc general olan Sergei Ivanov-un bir il sonra seçkidə prezident seçiləcəyi düşünülürdü. O, Putin-in digər müttəfiqi Dmitry Medvedev-dən öndə idi. Ancaq Putin-in yaxın çevrəsi ehtiyat edir ki, Ivanov baş vəzifəyə keçərsə, onları hakimiyyətdən uzaqlaşdırar. Onlar Putin-ə Ivanov-a qarşı məlumatlar verməyə başladılar, Pugachev deyir. “Onlar Putinə deyirdilər ki, Ivanov çox təhlükəlidir, çox aqressivdir. O, hakimiyyətə keçəcək və sən heç vaxt ondan canını qurtara bilməyəcəksən. Ona qarşı hər cür kompromat yığırdılar. Demək olar, hər kəs ona qarşı idi”, – Pugachev vurğulayıb.
Buna da bax: ABŞ politoloqu Bakı-Yerevan qarşıdurmasında Moskvanın ‘neytrallığı’ barədə
Xabarovsk etirazları təkrarlana bilərmi
“The New York Times” qəzeti isə Rusiyanın Xabarovsk şəhərindəki etirazlardan yazır, onminlərlə sakinin qatıldığı aksiyaların Putin-ə ən böyük xalq etirazı olduğunu vurğulayır.
Etirazlar region qubernatoru Sergei I. Furgal-ın qətl ittihamlarıyla həbsinə, prezidentin bu vəzifəyə təyinatına qarşı keçirilir.
“Etirazların lideri yoxdur, bir neçə konkret tələb irəli sürülüb. Ancaq onlar paytaxtdan uzaqda yerləşən şəhəri canlandırıb, siyasətə qarışmayan sakinləri bir gecəyə fəala çevirib, Putin idarəçiliyi dövründəki korrupsiya və yoxsulluqdan narazılığın necə sürətlə böyük yanğına çevrildiyini ortaya çıxarıb”, – məqalədə vurğulanır.
Buna da bax: Sorğu: Putinə rusiyalıların cəmi 23 faizi etibar edir
“Bu heç də bizim başımıza gələn pis hadisəyə görə deyil. Ölkənin başına pis hadisənin gəldiyini anladıq”, – təqaüddə olan mühasib Elena Okhrimenko deyib. O, təqaüddə olan yük maşını sürücüsü əriylə birlikdə evdəqayırma plakatlarla aksiyaya çıxıb.
“İndilik cəmiyyət darvazalara hücum edəcək səviyyədə radikallaşmayıb. Ancaq fikrimcə, hakimiyyət ölkədə həqiqətən baş verənləri görə bilməsə, bu, zaman məsələsidir”, – Karnegi Moskva Mərkəzinin əməkdaşı Tatiana Stanovaya qəzetə deyib.
Sosioloq Sergei Belanovsky bu yaxınlarda yazırdı ki, Furgal-ın region qubernatoru kimi populyarlığı bənzərsizdir, ona görə də Xabarovskdakı etirazların başqa yerlərdə təkrarlanması real görünmür. Ancaq baş verənlər hər hansı etinasızlığa cavab olaraq etiraza qalxmaq həvəsinin getdikcə gücləndiyini göstərir.