Azərbaycan Maliyyə Nazirliyi 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim edib.
Bu barədə bu gün, iyulun 30-da Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumatda bu, Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezidentin verdiyi tapşırıqla izah edilir. Nazirlik bildirir ki, qanun layihəsi hazırlanaraq artıq müvafiq büdcə zərfi ilə birlikdə Azərbaycan Nazirlər Kabinetinə təqdim olunub.
"2020-ci il dövlət və icmal büdcələrində ediləcək dəyişikliklərin əsas məqsədi əlavə müdafiə və təhlükəsizlik tədbirlərinin görülməsi üçün ehtiyatın formalaşdırılması, ...habelə pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sektorlarına, sahibkarlıq subyektlərinə və eləcə də əhalinin həssas qruplarına göstərilən dövlət dəstəyinin davam etdirilməsi üçün əlavə maliyyə təminatının yaradılmasıdır. Eləcə də, məqsəd sadalanan səbəblərdən ilin ikinci yarısında dövlət büdcəsinin artan xərcləri ilə azalan gəlirləri arasında gözlənilən natarazlığın aradan qaldırılması vəzifələrini təmin etməkdən ibarətdir", - məlumatda bildirilir.
Amma, hələlik, qanun layihəsinin detalları açıqlanmır.
Xatırlatma
Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24.134 milyard manat, xərcləri isə 26.894 milyard manat təsdiqlənib.
2020-ci il üçün dövlət büdcəsində bir barrel neft $55 məbləğində hesablanıb. Hazırda dünya bazarında neftin bir barrelinin qiyməti 45 dollar civarında dəyişir.