Azərbaycanın 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat məbləğində ola bilər.
Bu, Milli Məclisin avqustun 5-də keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Qeyd edilən gəlirlər təsdiq edilmiş göstəriciyə nisbətən 10,5 milyon manat azdır. Xərclər isə mövcud sənəddəki göstəricidən 597,5 milyon manat və ya 2,2 faiz çoxdur. Yeni layihədə neftin bir barelinin ixrac qiyməti 35 dollar götürülüb. Mövcud sənəddə bu 55 dollardır. Hazirda neftin bir bareli 45 dollar civarındadır.
Xatırlatma
İyulun 30-da Azərbaycan Maliyyə Nazirliyi 2020-ci il dövlət büdcəsinə yenidən baxılması üzrə təkliflərini Nazirlər Kabinetinə təqdim etmişdi. Nazirlər Kabineti də layihəni parlamentə göndərib. Rəsmilər 2020-ci il büdcəsinə dəyişiklik edilməsini neftin ucuzlaşması və koronavirus pandemiyası ilə izah edir.